Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr “Anım günü” ilə əlaqədar Zərdab rayonunda ümumrayon anım tədbiri keçirilib

27 sentyabr 2023 | 16:03

Rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə, YAP Zərdab rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, ictimaiyyət nümayəndələri tərəfindən Zərdab şəhərindəki Şəhidlərin xatirə parkındakı abidə ziyarət olunmuş, önünə gül-çiçək dəstələri qoyulmuş, Vətən müharibəsinə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.

Sonra abidə önündə anım mərasimi keçirilmişdir. Anım mərasimində çıxış edən Zərdab rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilmiş torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamı ilə hər il sentyabrın 27-sinin Azərbaycan Respublikasında “Anım günü” kimi qeyd edilməsi barədə qərar qəbul edildiyini diqqətə çatdırmışdır.

Həmçinin qeyd edilmişdir ki, cari ilin sentyabrında  ordumuz tərəfindən keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin, qeyri-qanuni erməni silahlı dəstələrinin tam şəkildə tərksilah olunaraq buraxılması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və ölkəmizin ərazilərini tərk etməsi, eyni zamanda bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi  Azərbaycanın növbəti Qələbəsinin təntənəsi olmaqla, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin qanı yerdə qalmamışdır.

Vurğulanmışdır ki, Vətən müharibəsində böyük, tarixi qələbənin qazanılmasına Zərdab rayonu da öz töhfəsini vermişdir. Müharibədə rayonumuz 8 şəhid vermiş, yaralananlarımız olmuşdur. Respublika Prezidentinin sərəncamı ilə Vətən müharibəsində qəhrəmanlıq və şücaət göstərmiş yüzlərlə zərdablı Azərbaycan Respublikasının müxtəlif orden və medalları ilə təltif edilmişlər. Şəhidlərimizin adı əbədiləşdirilərək küçələrə adları verilmiş, Gəlmə kəndində şəhidlərin dəfn olunduğu məzarlıq yenidən qurulmuş, Şəhidlərin xatirə parkında şəhidlərin fotoşəkilləri həkk olunmuş xatirə abidəsi quraşdırılmış, ayrı-ayrı yaşayış məntəqələrində xatirələrinə abidələr ucaldılmışdır.

Sonra Gəlmə kənd qəbiristanlığında dəfn edilmiş şəhidlərin məzarları ziyarət olunmuşdur.

Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Rayonun digər yaşayış məntəqələrində olan şəhidlərin məzarları ziyarət olunmuş, ailələri ilə görüşlər keçirilmişdir.

Keçidlər