Zərdabda sakinlərlə görüş keçirildi
05 may 2015-ci il tarixdə Zərdab şəhərində yerləşən Zərdabi parkında rayon rəhbərliyinin əhali ilə görüşü keçirilmişdir.
Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev iştirakçıları respublikamızda və rayonumuzda görülən genişmiqyaslı işlər haqqında məlumatlandırmışdır. Ölkəmizdə keçiriləcək İlk Avropa Oyunlarının məşəlinin Zərdab rayonundan da keçəcəyi iştirakçıların diqqətinə çatdırılmış, məşəlin qarşılanma mərasiminin keçirilməsi üçün Zərdab rayonunda aparılan hazırlıq işləri barədə məlumat verilmişdir. Bu mühüm tədbirdə bütün rayon əhalisinin yaxından iştirak etməsi vurğulanmışdır.
İcra başçısı şəhər ərazisindəki park və küçələrin təmizliyinin qorunub saxlanılması, memarlıq baxımından şəhərin görünüşünə xələl gətirən tikinti işlərinin aparılmaması, sanitar-gigiyenik qaydalara riayət edilməsi istiqamətində müvafiq tövsiyələrini vermişdir.
Çıxış edən şəhər sakinləri rayonda aparılan tikinti-quruculuq, abadlıq, səliqə-sahman işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər.