ZƏRDABDA ŞUŞA ŞƏHƏRİNİN İŞĞALI GÜNÜ İLƏ BAĞLI YIĞINCAQ KEÇİRİLDİ
Şuşa şəhərinin işğal olunmasının 23-cü ildönümü günü ilə əlaqədar Zərdab Rayon İcra Hakimiyyətində yığıncaq keçirilmişdir.
Yığıncaqda çıxış edən Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev bildirdi ki, başdan-başa tarixi abidələr şəhəri, musiqi mədəniyyətimizin beşiyi, təbii alınmaz qala olan Şuşanın işğalından 23 il keçir. Bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atmışlar. Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıtmış, milli arxitekturasını silmiş, istədikləri kimi yenidən qurmağa cəhd etmişlər. Nadir tarix-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılmışdır. İşğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.
Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra məcburi köçkün həyatı yaşayan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün zəruri olan bütün tədbirlər görülmüşdür. Hazırda cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən də bu tədbirlər uğurla davam etdirilir, işğal altındakı torpaqlarımızın sülh yolu ilə azad olunması istiqamətində mühüm addımlar atılır.
Yığıncaqda çıxış edənlər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diplomatik səyi nəticəsində işğal olunmuş bütün torpaqlarımızın, o cümlədən Şuşa şəhərinin tezliklə işğaldan azad olunacağına əminliklərini bildirmişlər.