Zərdabda “Su təsərrüfatı və meliorasiya işçiləri günü” qeyd edildi
05 iyun 2015-ci il tarixdə Zərdab rayonunda “Su təsərrüfatı və meliorasiya işçiləri günü” münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Rayon Suvarma Sistemləri İdarəsinin, Sukanal idarəsinin, Melioservis İdarəsinin əmək kollektivlərinin üzvləri iştirak etmişlər. Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuşlar. Daha sonra tədbir rəsmi hissə ilə davam etdirilmişdir.
Tədbiri giriş sözü ilə Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Mircəlal Mirzəyev açmış, qonaqları və tədbir iştirakçılarını salamlamışdır. Sonra Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayevin su təsərrüfatı və meliorasiya işçilərinə peşə bayramları münasibətilə ünvanlanmış təbrik məktubu oxunmuşdur. Tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev çıxış edərək Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə bütün sahələrlə yanaşı meliorasiya və su təsərrüfatı sisteminin də inkişafına daim böyük diqqət və qayğı göstərdiyini qeyd etmiş, “Su təsərrüfatı və meliorasiya işçiləri günü”nün qeyd edilməsi ilə bağlı ölkə Prezidenti tərəfindən imzalanmış sərəncamın önəmini iştirakçıların diqqətinə çatdırmışdır.
Rayonda görülən işlər haqqında tədbir iştirakçılarına məlumat verən natiq sonda bütün əmək kollektivinin üzvlərinə gələcək fəaliyyətlərində yeni uğurlar arzulamışdır.
Daha sonra əmək fəaliyyətində fərqlənən bir qrup şəxslərə Zərdab Rayon İcra Hakimiyyətinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin, Azərsu ASC-nin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim edilmişdir.
Tədbirdə çıxış edənlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirmişlər.