ZƏRDABDA 2015-Cİ İLİN BİRİNCİ YARISININ SOSİAL-İQTİSADİ İNKİŞAFININ YEKUNLARI VƏ QARŞIDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNDU
29 iyul 2015-ci il tarixdə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Respublika Prezidenti cənab İlham Əliyevin nitqlərinin tələbləri baxımından cari ilin 6 ayında rayonda görülən işlər və qarşıda duran vəzifələr haqqında” Zərdab Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir. Hesabat yığıncağının əvvəlində Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2015-ci il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayevə medal təqdim edilmişdir. Sonra yığıncaq iştirakçıları hesabatla bağlı hazırlanmış videoçarxa tamaşa etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev hesabat məruzəsi ilə çıxış etmişdir.
Bildirmişdir ki, respublikamızda gedən sürətli və davamlı inkişaf prosesi cari ilin 6 ayının nəticələrinə görə rayonumuzda da müşahidə olunmuşdur. Ötən müddət ərzində Zərdabda xeyli işlər görülmüş və bu işlər hazırda da davam etdirilir. Zərdabda bütün sahələrin yüksək sürətlə inkişaf etməsi makroiqtisadi göstəricilərin artım dinamikasına öz müsbət təsirini göstərmişdir
2015-ci ilin birinci yarısında rayon iqtisadiyyatının əsas sahələrində 49 milyon 998 min 800 manatlıq məhsul istehsal edilmişdir. Natiq vurğulamışdır ki, xüsusilə, son dövrdə rayonun sosial mənzərəsinin gözəlləşdirilməsi istiqamətində xeyli işlər görülmüş, şəhər və kəndlərimizdə tikinti-quruculuq işlərinin həcmi genişləndirilmiş, insanların sosial problemlərinin həlli yolunda mühüm addımlar atılmışdır.
Rayonun Qoruqbağı, Sarıqaya, Gödəkqobu, Məmmədqasımlı, Çallı, Şahhüseynli, Burunlu, Körpükənd kəndlərinə qaz xətti çəkilişi davam etdirilmiş, Alıcanlı, Şəftəhal kəndlərinə qaz xəttinin çəkilişinə başlanılmışdır. Bu günlərdə isə Pərvanlı, Əlibəyli, Allahqulubağı kəndlərində qaz xətti istifadəyə verilmişdir. Zərdablıların xeyli hissəsi artıq ekoloji cəhətdən təmiz içməli sudan istifadə edirlər. Rayon ərazisində elektrik təsərrüfatının yenidən qurulması istiqamətində işlərə başlanılmış və artıq 7 km məsafədə elektrik hava xətti yenidən qurulub istifadəyə verilmişdir.
Rayon ərazisində tikinti-quruculuq və abadlıq işləri davam etdirilmişdir. Milli Təhlükəsizlik Nazirliyi Zərdab Rayon şöbəsinin və Vergilər Nazirliyinin Zərdab rayonu üzrə vergi ödəyicilərinə xidmət mərkəzinin inzibati binaları istifadəyə verilmiş, Dövlət Proqramına uyğun olaraq Rayon Mərkəzi Xəstəxanasında əsaslı təmir işləri davam etdirilir, Şahhüseynli kəndində yeni tikilmiş həkim məntəqəsi açılış üçün hazırdır, Kənd Təsərrüfatı Nazirliyinin rayon şöbəsi üçün yeni inzibati binanın tikintisində son tamamlama işləri aparılır. Rayon Məhkəməsi və Elektrik Şəbəkəsi üçün yeni bina tikintisinə hazırlıq işlərinə başlanılmışdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayon ərazisində 2 ədəd körpələr evi-uşaq bağçasının tikintisi davam etdirilir. Onlardan biri yaxın vaxtlarda istifadəyə veriləcəkdir.
Əsasən aqrar rayon olan Zərdabda 2015 ilin məhsulu üçün 16730 ha sahədə payızlıq taxıl əkilmişdir. Lazımi aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi nəticəsində bol taxıl məhsulu yetişmişdir. Taxıl biçini başa çatdırılmış 6365 hektar sahədən 17042 ton arpa ,10365 hektar sahədən isə 32808 ton buğda, ümumilikdə rayon üzrə 16730 hektar sahədən 49850 ton taxıl istehsal olunmuş ,hər hektardan məhsuldarlıq 29.8 sentner təşkil etmişdir. Ötən ilin müvafiq dövrünə nisbətən məhsul istehsalı 118 ton, məhsuldarlıq 2,2 sentner artmışdır.
2015-ci ilin birinci yarım ili ərzində təhsil, səhiyyə, mədəniyyət, idman və gənclər sahələrinin inkişafı istiqamətində rayonda müəyyən işlər görülmüşdür.
Qeyd edilmişdir ki, rayonda bütün işlər uğurla icra olunur. Və bunlar deməyə əsas verir ki, zərdablılar 2015-ci ildə də əvvəlki illərin ənənəsini qoruyub saxlayacaq, hər bir sahədə yeni uğurlara imza atılacaqdır. Bunun üçün hər bir sahədə nizam-intizam yüksəldilməli, məsuliyyət artırılmalı, hər kəs üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.
Hesabat yığıncağında digər sahələrdə görülən işlər də ətraflı təhlil olunmuşdur. Yığıncaqda qarşıda duran vəzifələr müəyyənləşdirilmiş, müvafiq qərar qəbul olunmuşdur.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.