Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab Rayon İcra Hakimiyyətinin Başçısı Ağsaqqallarla görüşdü

13 avqust 2015 | 15:00

13 avqust 2015-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin Başçısı Lütvəli Babayev Həsən bəy Zərdabi adına parkda ağsaqqallarla görüşdü.
Görüşdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri, ziyalılar, rayon əhalisinin müxtəlif təbəqələrinin nümayəndələri iştirak etmişlər.
İcra başçısı son vaxtlar ölkəmizdə, o cümlədən rayonumuzda görülən işlər barədə iştirakçılara ətraflı məlumat vermişdir. Bildirmişdir ki, cənab Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində rayonumuzda böyük tikinti-quruculuq işləri aparılır. Son illərdə 16 məktəb, 1 uşaq bağçası üçün yeni bina tikilmiş, 3 məktəb, 5 uşaq bağçası əsaslı təmir edilmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq 17 yaşayış məntəqəsinə təbii qaz verilmiş, 11 yaşayış məntəqəsinə qaz xəttinin çəkilişi davam etdirilir. Elektrik təsərrüfatının yenidən qurulması işlərinə başlanılmış, artıq Zərdab-Əlvənd xətti istiqamətində 7 km məsafədə elektrik xətti yenidən qurulmuş, rayon ərazisində 5 yeni transformator  stansiyası qurulmuşdur. Şəhər əhalisinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatı öz müsbət həllini tapmış, kəndlərdə 17 modul tipli su qurğuları quraşdırılmış, 4 kənddə həmin istiqamətdə işlər başa çatmaq üzrədir. Şəhərdə asfaltlaşdırma işləri aparılır, küçələrdə 16 ədəd ən müasir işıqforlar quraşdırılmışdır. Rayonun Gəlmə, Əlibəyli, Allahqulubağı kəndlərinin yollarının təmiri istiqamətində xeyli iş görülmüşdür.
Rayon rəhbəri kənd təsərrüfatı ili olan 2015-ci ildə rayonda rekord miqdarda 49850 ton taxıl istehsal olunduğunu, aqrar sektorun digər sahələrində uğurlu nəticələr qazanıldığını, əhalinin sosial problemlərinin həlli istiqamətində xeyli işlərin görüldüyünü qeyd etmişdir.
Birinci Avropa Oyunlarının məşəlinin qarşılanma mərasiminin rayonda yüksək səviyyədə keçdiyini  və bütün görülən işlərin təşkilində rayon ağsaqqallarının, ziyalıların, bütün Zərdab ictimaiyyətinin fəal iştirak etdiyini vurğulamışdır. İlk Avropa Oyunlarının ölkəmizdə yüksək səviyyədə, olimpiya oyunları səviyyəsində təşkil olunduğuna, komanda hesabında idmançılarımızın Rusiyadan sonra 2-ci yerə çıxaraq böyük qələbə qazandıqlarına görə rayon əhalisi adından Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci Avropa oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya minnətdarlıq bildirilmişdir. L.Babayev rayon ağsaqqalları ilə tez-tez görüşlər keçirildiyini və həmin görüşlərdə onların verdikləri təkliflərin, qaldırdıqları məsələlərin həlli üçün Rayon İcra Hakimiyyətinin zəruri tədbirlər gördüyünü qeyd etmişdir.
Tədbirdə çıxış edən Xəlilov Məhəmməd, Kərimov İntiqam, Rzayev Vahid, Paşayev Tofiq, Məşədi Baloğlan və başqaları ölkəmizdə və rayonumuzda görülən bütün işlərə görə Ölkə Prezidentinə öz minnətdarlıqlarını bildirmiş, eyni zamanda şəhərin bəzi küçələrinin asfaltlaşdırılması, yaşıllıqların qorunub saxlanılması, Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri işlərinin sürətləndirilməsi, şəhər ümumi orta məktəbi üçün yeni bina tikilməsi və sair məsələlərlə bağlı öz təklif və xahişlərini bildirmişlər.
Görüşün sonunda rayon rəhbəri tərəfindən irəli sürülən təkliflər və qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər