Zərdab rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü təntənəli şəkildə qeyd edilib.
17 oktyabr 2012-ci il tarixdə Zərdab rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü təntənəli şəkildə qeyd edilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə tər güllər düzüblər. Oktyabr ayının 7-də Prezident İlham Əliyevin Zərdaba səfəri zamanı istifadəyə verilən Yeni Azərbaycan Partiyası Zərdab Rayon Təşkilatının müasir inzibati binasında yaradılan şəraitlə və Heydər Əliyev Mərkəzindəki eksponatlarla tanışlıq olub. Yubiley mərasimində Yeni Azərbaycan Partiyası Zərdab Rayon Təşkilatının sədri Pərvin Mahmudova hakim partiyanın cəmiyyətimizdəki mühüm roluna toxunub. Bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında bu partiya müstəqilliyimizin möhkəmləndirilməsində, sosial-iqtisadi tədbirlərin həyata keçirilməsində mühüm xidmətlər göstərib. Son 20 ildə ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olunmasında, bütün sahələrdə davamlı islahatların həyata keçirilməsində Yeni Azərbaycan Partiyasının sıralarında birləşən insanların əməyi də danılmazdır. Sıralarında 6000-ə yaxın soydaşımızı birləşdirən Zərdab rayon təşkilatı Azərbaycanın bundan sonrakı inkişafının, xalqımızın xoşbəxt gələcəyini Heydər Əliyev siyasi kursunun davamında görür, Prezident İlham Əliyevin ətrafında monolit qüvvə kimi birləşməklə, onun yorulmaz, səmərəli fəaliyyətini dəstəkləyir. Millət vəkili Jalə Əliyeva, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə və Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev hakim partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən söz açıblar. Bayram tədbirində YAP Mərkəzi Aparatının məsul işçisi Qalib Əsgərov da iştirak etmişdir. Sonda rayonun ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup YAP üzvünə Fəxri Fərman və qiymətli hədiyyələr, partiya sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim olunub. Yubiley tədbiri konsert proqramı ilə davam etdirilib.