30.03.2024-cü il tarixdə "31 mart - Azərbaycanlıların Soyqırımı günü" ilə ilə bağlı ümumrayon anım mərasimi keçirilib
30 mart 2024-cü il tarixdə Azərbaycanlıların Soyqırımı gününün 106-cı ildönümü ilə əlaqədar Zərdab rayonunda tədbir keçirilib. Anım mərasimində Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, YAP Zərdab rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, RİH yanında İctimai Şuranın və digər ictimai birliklərin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir soyqırım qurbanlarının və ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş vətən övladlarının ruhuna dualar verilməsi ilə başlanılıb. Sonra rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən məktəblilərin və gənclərin 31 mart - Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib, Şəhidlərin Xatirə parkında soyqırımı qurbanlarının şərəfinə ucaldılan abidə kompleksi ziyarət olunub, önünə gül dəstələri qoyularaq şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ildə Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar olduğunu bildirirək 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakinin etnik və dini mənsubiyyətinə görə qətlə yetirildiyini, insanlar işgəncələrə məruz qaldığını, onlara qəsdən fiziki qüsurlar yetirildiyini qeyd edib, erməni vəhşiliyinin dünya ictimayyətinə çatdırılmasında dövlətimizin gördüyü işlərdən danışıb. Vətən müharibəsində və ötən ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror əməliyyatlarında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuzun soyqırım qurbanlarının da qisasını aldığını, şəhidlərimizin qanının yerdə qalmadığını diqqətə çatdırıb.