Zərdabın Gödəkqobu kəndinə təbii qaz verildi
20 avqust 2015-ci il tarixdə Zərdab rayonunun Gödəkqobu kəndinə yeni çəkilmiş qaz xəttinin açılış mərasimi keçirilmişdir. Kənddə 23000 paqonometr daşıyıcı və paylayıcı xətt çəkilmişdir. Qaz pilətələrinin quraşdırıldığı məsafəyə qədər çəkilmiş qaz xətti 300 abonentə xidmət edəcəkdir.
Açılış mərasimində çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev kənd sakinlərini mühüm hadisə münasibətilə təbrik etmişdir. Bildirmişdir ki, beləliklə rayonun 18-ci yaşayış məntəqəsi təbii qazla təchiz edilir. Hazırda rayonun digər yaşayış məntəqələrində qazlaşma işləri davam etdirilir.
İcra başçısı qeyd etmişdir ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan sosial-iqtisadi siyasət bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. 2014-2018-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən yaxın illərdə rayonun bütün yaşayış məntəqələri mavi yanacaqla təmin ediləcəkdir.
Mərasimdə çıxış edən kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişdirlər.
Sonra qaz xəttinin çəkilişi işlərində fəallıq göstərən işçilərə qiymətli hədiyyələr təqdim olunmuşdur.
Mərasimin sonunda mavi yanacağın verilişini bildirən rəmzi məşəl alovlandırılmışdır.
Açılış mərasimində “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi İbrahim Kərbəlayev iştirak və çıxış etmişdir.