Zərdab Rayon İcra Hakimiyyətinin başçısı rayonun Körpükənd kənd sakinləri ilə qəbul-görüş keçirdi
01 sentyabr 2015-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev rayonun Körpükənd kəndinin sakinləri ilə qəbul-görüş keçirmişdir. Görüşdə İcra Hakimiyyətinin məsul işçiləri, rayonun xidmət təşkilatlarının rəhbərləri, ziyalılar iştirak etmişlər.
İcra Hakimiyyətinin başçısı görüşdə çıxış edərək son vaxtlar ölkəmizdə, o cümlədən rayonumuzda görülən işlər barədə iştirakçılara ətraflı məlumat vermişdir. Bildirmişdir ki, cənab Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində Respublikamızda həyata keçirilən tədbirlər Zərdab rayonundan da yan keçməmiş, rayonda böyük tikinti-quruculuq işləri aparılmış, əhalinin sosial problemlərinin əksəriyyəti öz həllini tapmışdır. Rayonda qazlaşma işləri sürətlə davam etdirilir, artıq 18 yaşayış məntəqəsinin qazlaşması başa çatdırılmış, hazırda 10 yaşayış məntəqəsinə, o cümlədən Körpükənd kəndinə təbii qaz xəttinin çəkilişi davam etdirilir. Şəhər əhalisi ekoloji cəhətdən təmiz içməli sudan istifadə edir. Rayonda elektrik təsərrüfatının yenidən qurulması istiqamətində işlərə başlanılmış, küçə və yolların təmiri və yenidən qurulması istiqamətində iş aparılır. İcra başçısı vurğulamışdır ki, son illər Körpükənd kəndində də bir sıra işlər görülmüşdür. Belə ki, kənddə modul tipli sutəmizləyici qurğu, Su Assosiasiyası üçün bina tikilmiş, Körpükənd kənd tam orta məktəbi təmir olunmuşdur.
Görüşdə çıxış edən kənd sakinləri Səfər Cəfərov, Vaqif Muradov, Marusa Qasımova və başqaları ölkəmizdə və rayonumuzda görülən işlərə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirmiş, eyni zamanda kəndin ərazisində olan şirəkeş kanallarının təmizlənməsi, kənd yolunun asfaltlaşdırılması, köhnəlmiş elektrik dirəklərinin və xətlərinin dəyişdirilməsi və sair məsələlərlə bağlı öz təklif və xahişlərini bildirmişlər.
Sonda irəli sürülən təkliflər və qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar təşkilat rəhbərlərinə icra başçısı tərəfindən müvafiq tapşırıqlar verilmişdir.