Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISI TƏLƏBƏLƏRLƏ GÖRÜŞDÜ

03 sentyabr 2015 | 15:00

03 sentyabr 2015-ci il tarixdə “Natiq” şadlıq sarayında Zərdab rayonu üzrə 2015-ci ildə ali məktəblərə, hərbi məktəb və liseylərə qəbul olunmuş məzunlarla rayon rəhbərliyinin görüşü keçirilmişdir. Tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev çıxış edərək bildirmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində son illər respublikamızın bütün regionlarında olduğu kimi Zərdab rayonunda da təhsilin inkişafı istiqamətində xeyli iş görülmüşdür. Qeyd olunmuşdur ki, son illərdə rayonda 3035 yerlik 16 məktəb, o cümlədən Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 280 şagird yerlik 2 məktəb binası tikilib istifadəyə verilmiş, 2 tam orta məktəb binası əsaslı təmir edilmişdir. Cari ildə Əlvənd kənd tam orta məktəbi təmir edilmişdir. 3-cü Dövlət Proqramına əsasən yaxın vaxtlarda şəhər ümumi orta məktəbi və Gəlmə kənd körpələr evi-uşaq bağçası üçün yeni binanın tikintisinə, şəhər 1 saylı tam orta məktəbin əsaslı təmirinə başlanılacaqdır.
İcra başçısı bildirmişdir ki, 2015-ci ildə rayonun tam orta məktəblərini 471 nəfər məzun bitirmiş, onlardan 254 nəfəri TQDK-ya sənəd vermişdir. Natiq qeyd etmişdir ki, 2007-ci ildə cəmi 48 nəfər məzun ali məktəbə qəbul olmuşdursa, bu il bu göstərici 151 nəfər olmuş, 6 nəfər məzunumuz qəbul imtahanlarında 600-dən çox bal toplamışdır. 4 məzun isə ali hərbi məktəb və hərbi liseylərə qəbul olmuşdur. Eyni zamanda rayonun Kəndəbil kəndindən Məmmədovlar ailəsinin, Dəli Quşçu kəndindən isə Bədəlovlar ailəsinin hər birindən 3 nəfər respublikanın müxtəlif ali məktəblərinə qəbul olmuşlar. Cənab Prezidentin tapşırığına əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının bölgələrdə keçirilməsi imtahanlarda iştirak edən məzunlarda yüksək əhval-ruhiyyə yaratmışdır.
Görüşdə qəbul imtahanlarında yüksək bal toplamış abituriyentlər, onların müəllim və valideynləri çıxış edərək ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildirmişlər.
Sonda yüksək balla ali məktəblərə daxil olmuş tələbələrə qiymətli hədiyyələr təqdim olunmuş, görüş iştirakçıları üçün böyük konsert proqramı təşkil edilmişdir.

Keçidlər