31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadənin təbriki
Əziz zərdablılar,
Sona yaxınlaşan 2025-ci il ölkəmiz və rayonumuz üçün uğurlu il olmuş, ilin əvvəlindən qarşıya qoyulmuş vəzifələr əsasən icra olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin və xalqının apardığı 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror əməliyyatında qazanılmış tarixi qələbələrin regionda yaratdığı yeni reallıqlar, ölkəmizin Cənubi Qafqazda güc mərkəzinə çevrilməsi, erməni işğalçılarından azad olunmuş ərazilərdə aparılan geniş tikinti-quruculuq işləri, uğurla həyata keçirilən infrastruktur layihələri, Müstəqil Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzunun daha da artması bütün xalqımız kimi Zərdab rayonunun əhalisini də ürəkdən sevindirir və ölkə başçısına olan məhəbbətini daha da artırır.
Yola saldığımız 2025-ci il xalqımızın və dövlətimizin tarixində böyük əhəmiyyət kəsb edən mühüm hadisələrlə yadda qaldı. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alınaraq 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edildi və bu istiqamətdə silsilə tədbirlər, konfranslar, ölkə üzrə böyük ağacəkmə aksiyaları keçirildi. Həmçinin Prezident cənab İlham Əliyev 15 dekabr 2025-ci ildə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi təşəbbüsünü irəli sürmüşdür.
Respublika Prezidentinin imzaladığı fərman və sərəncamlar, Dövlət Proqramları çərçivəsində Zərdab rayonunda da son illərdə tikinti, abadlıq, quruculuq işləri genişləndirilmiş, əhalinin sosial problemlərinin həlli istiqamətində xeyli iş görülmüş, yeni iş yerləri açılmış, əhalinin maddi rifah halı yaxşılaşmışdır. Rayonun kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən 4 milyon manata yaxın subsidiya verilmişdir.
Şəhərin Azərbaycan küçəsi istiqamətində yerləşən kommunal məhəllədə 1 ədəd nümunəvi məhəllə inşa edilmiş, Böyük Vətən Müharibəsi abidəsinin ətrafında təmir işləri aparılmış, Zərdabi, R.Kərimov, S.Abdullayev və 20 Yanvar küçələrində səkilər yenidən qurulmuşdur.
Zərdabi, A.Cavadov, M.Hüseyn, A.Məmmədzadə, Ş.Şükürov, S.Rəhman, Ş.Bədəlbəyli, Ə.Cavad, R.Cəfərov, M.Zalov, N.Hikmət, F.Əmirov küçələri asfaltlanmışdır.
N.Tusi, R.Behbudov, S.Rüstəm, Ş.Ələkbərova, M.İsrəfilov, M.Maqomayev və İ.Şıxlı küçələri işıqlandırılmışdır.
Dəli Quşçu kənd 264 şagird yerlik tam orta ümumtəhsil məktəbi üçün tikilmiş yeni binanın açılışı olmuşdur. Şahhüseynli, Böyük Dəkkə kənd və Zərdab şəhər 3 saylı körpələr evi-uşaq bağçalarının binalarında əsaslı təmir işləri aparılmış, uşaqların və sakinlərin istifadəsinə verilmişdir. Bıçaqçı kənd tam orta ümumtəhsil məktəbində və Dəkkəoba kənd körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri davam etdirilir. Rayonun 42 yaşayış məntəqəsindən 41-nə (97,6 faiz) təbii qaz verilir.
Cənab Prezidentimiz İlham Əliyevin kənd təsərrüfatının xüsusən pambıqçılığın, taxılçılığın və baramaçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqların icrası istiqamətində rayonda xeyli iş görülmüşdür. Cari ildə 3009,8 hektar sahədən 10 min tondan çox pambıq tədarük edilmiş, 14 min 73 hektar sahədən 44461,3 ton taxıl istehsal edilmiş, orta məhsuldarlıq 31,7 sentner təşkil etmişdir.
“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası istiqamətində rayonda həyata keçirilən tədbirlər nəticəsində rayonumuzda bu il də respublika üzrə ən yüksək göstəriciyə nail olunaraq 32 ton 282 kq barama tədarük olunmuşdur. Digər kənd təsərrüfatı məhsulları istehsalında da yüksək nəticələrə nail olunmuşdur. Belə ki, 2025-ci ildə 3971,6 ton kartof, 3570,2 ton tərəvəz, 7410,6 ton bostan, 601,4 ton qarğıdalı, 1318,1 ton çəltik istehsal edilmişdir. Heyvandarlıq məhsullarının istehsalı sahəsində də böyük uğurlar əldə edilmişdir.
Həyata keçirilən tədbirlər nəticəsində 2025-ci il ərzində rayonda 4 mindən çox (xüsusilə kənd təsərrüfatının pambıqçılıq, baramaçılıq, çəltikçilik sahələri üzrə mövsümi işlər) iş yeri yaradılmışdır.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində rayonumuzda müxtəlif tədbirlər, dəyirmi masalar, maarifləndirici seminar və ekoloji aksiyalar keçirilmişdir.
Bir sözlə 2025-ci il rayonumuz üçün uğurlu il olub, əminəm ki, qarşıdan gələn 2026-cı il də uğurlu olacaqdır.
Rayonumuzun sosial-iqtisadi inkişafına göstərdikləri çox böyük diqqət və qayğıya görə zərdablılar cənab Prezident İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdardırlar.
Əziz həmvətənlər,
2026-cı ildə qarşımızda daha böyük vəzifələr durur. Rayonumuzun hərtərəfli inkişafı üçün hələ çox işlər görməliyik. Rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, kənd təsərrüfatı məhsulları istehsalının və məhsuldarlığının artırılması, sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi və yeni iş yerlərinin açılması hesabına əhalimizin həyat şəraitinin daha da yaxşılaşdırılmasına nail olmaq üçün ciddi işləməliyik. Bunun üçün hər bir rəhbər işçi, hər bir dövlət qurumu və hər bir vətəndaş üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməlidir.
Öz ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycanın regionda və dünyada yaratdığı reallıqlar, əhalinin sosial rifah halının günü-gündən yaxşılaşması ölkəmizin hər bir vətəndaşına o cümlədən rayon əhalisinə də yüksək əhval-ruhiyyə bəxş etmişdir. Odur ki, hər bir zərdablı gələcəyə nikbinliklə baxır və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, 2026-cı ildə daha yüksək nəticələrə nail olmaq üçün əzmlə çalışacaqlar.
Bu gün xalqımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olmaqla, bütün soydaşlarımızın mənəvi birliyinin rəmzi kimi Azərbaycan xalqının, dünyanın ayrı-ayrı ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının həmrəylik tarixidir.
Mən bütün zərdablıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni – 2026-cı il münasibətilə ürəkdən təbrik edirəm, hər birinizə can sağlığı, xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
Bayramınız mübarək olsun!






