31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib
Tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, YAP Zərdab rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, RİH yanında İctimai Şuranın və digər ictimai birliklərin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir soyqırım qurbanlarının və ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş vətən övladlarının ruhuna dualar verilməsi ilə başlanılıb. Sonra rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən 31 mart - Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş rəsm işlərindən ibarət sərgiyə baxış keçirilib, Şəhidlərin Xatirə parkında soyqırımı qurbanlarının şərəfinə ucaldılan abidə kompleksi ziyarət olunub, önünə gül dəstələri qoyularaq şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri kimi 1918-ci ildə daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar olduğunu bildirirək, 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakinin etnik və dini mənsubiyyətinə görə qətlə yetirildiyini, insanların işgəncələrə məruz qaldığını, onlara qəsdən fiziki qüsurlar yetirildiyini qeyd edib, erməni vəhşiliyinin dünya ictimayyətinə çatdırılmasında dövlətimizin gördüyü işlərdən danışıb. Vətən müharibəsində və 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror əməliyyatlarında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuzun soyqırım qurbanlarının da qisasını aldığını, şəhidlərimizin qanının yerdə qalmadığını diqqətə çatdırıb.






