Zərdabda ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin rayon konfransı keçirilib
08 sentyabr 2015-ci il tarixdə Zərdabda ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin rayon konfransı keçirilmişdir. Konfransda rayon rəhbərliyi, Respublika Təhsil Nazirliyinin nümayəndəsi, Rayon Təhsil Şöbəsinin rəhbərliyi, məktəb direktorları, yerli icra və bələdiyyə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.
Rayon Təhsil Şöbəsinin müdiri Baba Babayev konfransı giriş sözü ilə açaraq 2014-2015-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr barədə məlumat vermişdir. Qeyd etmişdir ki, rayonda 43 ümumtəhsil məktəbi, o cümlədən 28 tam orta, 9 ümumi orta, 6 ibtidai məktəb fəaliyyət göstərir. Keçən dərs ilinin yekunlarına görə ümumtəhsil məktəblərinin 11-ci siniflərini 471 nəfər bitirmiş, onlardan 151 nəfəri ali məktəblərə qəbul olmuşdur. Onlardan 132 nəfəri 2015-ci ilin, 19 nəfəri isə əvvəlki illərin məzunları olmuşdur. 6 nəfər məzun 600-dən yuxarı bal toplamışdır.
Respublika Təhsil Nazirliyinin sektor müdiri Firudin Həmzəyev konfransda çıxış edərək son dərs ilində Zərdab rayon təhsilində əldə olunmuş uğurlardan, eləcə də mövcud nöqsan, çatışmazlıqlardan danışmış, yeni dərs ilində qarşıda duran vəzifələrlə bağlı öz fikirlərini söyləmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev konfransda çıxış edərək bildirmişdir ki, cənab Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın ölkəmizdə təhsilin inkişafına göstərdikləri diqqət və qayğı Zərdab rayonunda öz təsdiqini tapmışdır. Bildirilmişdir ki, son 10 ildə rayonda 3035 yerlik 16 məktəb, o cümlədən Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 280 şagird yerlik 2 məktəb binası tikilib istifadəyə verilmiş, 2 tam orta məktəb binası əsaslı təmir edilmişdir. Cari ildə Əlvənd kənd tam orta məktəbi təmir edilmişdir. Son illərdə şəhər 1, 2, 3 saylı, Dəkkəoba və Böyük Dəkkə kənd körpələr evi-uşaq bağçalarının yerləşdiyi binalar əsaslı təmir edilmiş, Qoruqbağı kənd körpələr evi-uşaq bağçası üçün yeni bina tikilmişdir. Cənab Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı nəticəsində Təhsil Şöbəsinə ayrılan vəsait ilbəil artır. 3-cü Dövlət Proqramına əsasən yaxın vaxtlarda şəhər ümumi orta məktəbi və Gəlmə kənd körpələr evi-uşaq bağçası üçün yeni binanın tikintisinə, şəhər 1 saylı tam orta məktəbin əsaslı təmirinə başlanılacaqdır. 132 şagird yerlik yeni məktəbin açılması üçün də müvafiq dövlət orqanlarına müraciət edilmişdir. İcra başçısı çıxışının sonunda yeni dərs ilinin başlanması ilə əlaqədar öz tapşırıq və tövsiyələrini vermişdir.
Konfransda çıxış edənlər təhsil sahəsinin inkişafına göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə öz minnətdarlıqlarını bildirmişlər.
Sonda Konfransın qətnaməsi təsdiq edilmiş və cənab Prezident İlham Əliyevin ünvanına müraciət qəbul olunmuşdur.