Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA AĞSAQQALLARLA GÖRÜŞ KEÇİRİLDİ

16 sentyabr 2015 | 15:00

15 sentyabr 2015-ci il tarixdə Qurban bayramı ərəfəsində Zərdab Rayon İcra Hakimiyyətində rayon rəhbərliyinin ağsaqqallar və din xadimləri ilə görüşü keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri, ziyalılar, rayon əhalisinin müxtəlif təbəqələrinin nümayəndələri iştirak etmişlər.
Görüşdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək respublikamızda, o cümlədən Zərdabda görülən işlər barədə iştirakçılara ətraflı məlumat vermişdir. Bildirmişdir ki, cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Zərdab rayonunda böyük tikinti-quruculuq işləri aparılır. Artıq rayonun 19 yaşayış məntəqəsinə təbii qaz verilişi başa çatdırılmışdır. Hazırda digər kəndlərimizə qaz xəttinin çəkilişi davam etdirilir. Rayonun elektrik təsərrüfatının yenidən qurulması işlərinə başlanılmış, Zərdab-Əlvənd və Zərdab-Bıçaqçı istiqamətində bu sahədə xeyli iş görülmüş, xeyli sayda transformatorlar yeniləri ilə əvəz edilmişdir. Mərkəzi Rayon Xəstəxanasının binasının əsaslı təmiri davam etdirilir. Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsi üçün inzibati bina, Vergilər Nazirliyinin Xidmət Mərkəzi istifadəyə verilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər biri 50 uşaq yerlik olan 2 körpələr evi-uşaq bağçasının tikintisi davam etdirilir. Onlardan birinin tikintisi artıq başa çatmışdır. 4 nəfər Qarabağ əlili üçün ev tikilir. Şahhüseynli kəndində həkim məntəqəsi tikilib, yaxın günlərdə istifadəyə veriləcəkdir. Əlvənd kənd tam orta məktəbi əsaslı təmir edilmişdir. Kənd Təsərrüfatı Nazirliyinin rayon şöbəsi üçün bina tikilir. Rayon Məhkəməsi və Elektrik Şəbəkəsi üçün binanın tikintisinə hazırlıq işləri gedir.
İcra başçısı rayon ağsaqqalları ilə tez-tez görüşlər keçirildiyini və həmin görüşlərdə onların verdikləri təkliflərin, qaldırdıqları məsələlərin həlli üçün Rayon İcra Hakimiyyətinin zəruri tədbirlər gördüyünü qeyd etmişdir.
Tədbirdə çıxış edən rayon ağsaqqallarının və din xadimlərinin nümayəndələri – Hacı Feyzulla Tağıyev, Hacı Yusif Məmmədov, Mirağa Bağırov və başqaları ölkəmizdə və rayonumuzda görülən bütün işlərə görə Ölkə Prezidentinə öz minnətdarlıqlarını bildirmiş, eyni zamanda öz təklif və xahişlərini bildirmişlər.
Görüşün sonunda irəli sürülən təkliflər və qaldırılan məsələlərin həlli ilə bağlı rayon rəhbəri tərəfindən əlaqədar təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər