Zərdab rayonunda “Gənclər arasında Azərbaycançılıq ideologiyasının təbliğinin əsas istiqamətləri” mövzusunda konfrans keçirilib
Zərdab rayon əhalisinin 15556 nəfərini yeniyetmə və gənclər təşkil edir. Yeni nəslin bilik və bacarıqlarının aşkarlanaraq daha da inkişaf etdirilməsi, məşğuliyyətinin təminatı, sosial problemlərinin həlli diqqət mərkəzində saxlanılır. Son illər rayonda istifadəyə verilən Heydər Əliyev Mərkəzində, eləcə də Gənclər Mərkəzində onların asudə vaxtlarının səmərəli təşkili, bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün lazımi şərait yaradılıb. Müxtəlif dərnəklər, elektron kitabxana, stolüstü idman oyunları zalları, rəqs və xalçaçılıq otaqları gənclərin istifadəsinə verilib. Rayonda yeni açılan daimi iş yerlərində çalışanların böyük əksəriyyətini də yeni nəslin nümayəndələri təşkil edir. Bu məlumatlar “Gənclər arasında Azərbaycançılıq ideologiyasının təbliğinin əsas istiqamətləri” mövzusunda təşkil olunan konfransda səsləndirilib. Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev gənclərin Azərbaycançılıq ideologiyası və milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyəsi istiqamətində atılan davamlı addımlardan danışıb. Bildirib ki, yetişməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsi də diqqət mərkəzində saxlanılır. Zərdablı məktəblilərin hərbi idman oyunlarında qazandıqları uğurlar bu qayğının nəticəsidir.
Tədbirdə çıxış edən digər natiqlər əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycançılıq ideologiyasının fəlsəfəsinə və mahiyyətinə toxunublar. Bildiriblər ki, dövlətçiliyimizin möhkəmləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı və demokratik prinsiplərin bərqərar edilməsi dövlətçiliyimizin inkişafına xidmət edir.
Digər çıxışlarda gəncləri radikal dini cərəyanların təsirindən qorumaq sahəsində qarşıda duran vəzifələrdən geniş söz açılıb.
Yeni nəslin nümayəndələri çıxış edərək onlara göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər.
Gəncləri maraqlandıran suallar ətraflı cavablandırılıb.