Zərdab Rayon İcra Hakimiyyəti başçısının rayonun Hüseynxanlı və Xanməmmədli kəndlərinin ağsaqqalları ilə görüşü keçirilib
Zərdab Rayon İcra Hakimiyyəti başçısının rayonun Hüseynxanlı və Xanməmmədli kəndlərinin ağsaqqalları ilə görüşü keçirilmişdir. Görüşdə İcra Hakimiyyətinin məsul işçiləri, təşkilat rəhbərləri, ziyalılar iştirak etmişlər.
İcra başçısı son vaxtlar ölkəmizdə, o cümlədən rayonumuzda görülən işlər barədə iştirakçılara ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, cənab Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində Respublikamızda həyata keçirilən tədbirlər Zərdab rayonundan da yan keçməmiş, rayonda böyük tikinti-quruculuq işləri aparılmış, əhalinin sosial problemlərinin əksəriyyəti öz həllini tapmışdır. Rayonda qazlaşma işləri sürətlə davam etdirilir, artıq 19 yaşayış məntəqəsinin, o cümlədən Hüseynxanlı və Xanməmmədli kəndlərinin qazlaşması başa çatdırılmış, hazırda digər yaşayış məntəqələrinə təbii qaz xəttinin çəkilişi davam etdirilir. Şəhər əhalisi ekoloji cəhətdən təmiz içməli sudan istifadə edir. Rayonda elektrik təsərrüfatının yenidən qurulması istiqamətində işlərə başlanılmış, küçə və yolların təmiri və yenidən qurulması istiqamətində iş aparılır. İcra başçısı son illərdə Xanməmmədli və Hüseynxanlı kəndlərində görülmüş işlərdən də danışmışdır. Qeyd etmişdir ki, kəndlərdə modul tipli sutəmizləyici qurğu quraşdırılmış, kənddaxili yollar təmir edilmiş, Xanməmmədli kəndində yeni məktəb binası tikilmiş, Hüseynxanlı kəndində məktəb binası cari təmir edilmişdir.
Görüşdə çıxış edən ağsaqqalların nümayəndələri ölkəmizdə və rayonumuzda görülən işlərə görə ölkə Prezidentinə minnətdarlıq etmiş, öz təklif və xahişlərini bildirmişlər.
Sonda irəli sürülən təkliflər və qaldırılan məsələlərin həlli ilə bağlı yerli icra və bələdiyyə orqanlarına, əlaqədar təşkilat rəhbərlərinə icra başçısı tərəfindən müvafiq tapşırıqlar verilmişdir.