Rayon İcra Hakimiyyətində geniş müşavirə keçirildi
19 noyabr 2012-ci il tarixdə saat 15:00-da Rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin icrası ilə bağlı 17 noyabr 2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında keçirilmiş müşavirənin tələbləri baxımından qarşıda duran vəzifələrlə bağlı yığıncaq keçirildi.
Yığıncaqda Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev geniş məruzə ilə çıxış etdi. L.Babayev öz məruzəsində 17 noyabr 2012-ci il tarixli müşavirədəki tövsiyə və tapşırıqları yığıncaq iştirakçılarına çatdırdı.
Rayon İcra Hakimiyyətinin Başçısı respublika üzrə bəzi xoşa gəlməz göstəricilərin, erkən yaşda nikahların sayının artması, boşanmaların sayının artması, qeyri-rəsmi nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayının artması, 1 yaşa qədər ölən uşaqların sayının artması, əlil uşaqların sayının artması, ev doğuşlarının sayının artması, məktəblilərin dərsə davamiyyətin aşağı düşməsi, dərsdən yayınma hallarının çoxalması, valideyn şuraları ilə işlərin təşkil edilməməsi, məktəblərlə hüquq-mühafizə orqanlarının əlaqəli işinin möhkəmləndirilməsi, ali məktəblərə qəbulu olmayan məktəb direktorları haqqında tədbirlərin görülməməsi, peşə təhsili müəssisələrində müəllimlərin və şagirdlərin dərsə davamiyyətinin zəif olması, xəstəliklərin artması, muzey, kitabxana, mədəniyyət evləri və Gənclər Mərkəzinin fəaliyyətinin genişləndirilməsi, QHT-lərlə işin gücləndirilməsi, hüquq-mühafizə orqanlarının yerlərdə səyyar qəbuluna diqqətin artırılması, orta təhsilli kadrların ali təhsilli kadrlarla əvəz edilməməsi və s. məsələləri vurğulamışdır.
Daha sonra Rayon Polis Şöbəsinin rəisi Elnur Həsənov çıxış edərək məruzədə qeyd olunan bütün iradların haqlı olduğunu bildirdi. E.Həsənov çıxışında qeyd etdi ki, Rayon Polis Şöbəsi olaraq təhsil müəssisələri ilə əlaqəli işi gücləndirəcək, tez-tez adı qeyd olunan mövzularla bağlı məktəb direktorları və direktor müavinləri ilə geniş müzakirələr keçirəcəkdir.