Zərdab Rayon İcra Hakimiyyəti başçısının rayonun Çallı, Alıcanlı və Məlikumudlu kəndlərinin sakinləri ilə görüşü keçirilib
Zərdab Rayon İcra Hakimiyyəti başçısının rayonun Çallı, Alıcanlı və Məlikumudlu kəndlərinin sakinləri ilə görüşü keçirilmişdir. Görüşdə İcra Hakimiyyətinin məsul işçiləri, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
İcra başçısı son vaxtlar ölkəmizdə, o cümlədən rayonumuzda görülən işlər barədə iştirakçılara ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, cənab Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində Respublikamızda həyata keçirilən tədbirlər Zərdab rayonundan da yan keçməmiş, rayonda böyük tikinti-quruculuq işləri aparılmış, əhalinin sosial problemlərinin əksəriyyəti öz həllini tapmışdır. Rayonda qazlaşma işləri sürətlə davam etdirilir, artıq 19 yaşayış məntəqəsinin qazlaşması başa çatdırılmış, hazırda digər yaşayış məntəqələrinə, o cümlədən Çallı və Alıcanlı kəndlərinə təbii qaz xəttinin çəkilişi davam etdirilir. Şəhər əhalisi ekoloji cəhətdən təmiz içməli sudan istifadə edir. Rayonda elektrik təsərrüfatının yenidən qurulması istiqamətində işlərə başlanılmış, küçə və yolların təmiri və yenidən qurulması istiqamətində iş aparılır. İcra başçısı son illərdə Çallı, Alıcanlı və Məlikumudlu kəndlərində görülmüş işlərdən də danışmışdır. Qeyd etmişdir ki, son illərdə kəndlərdə modul tipli sutəmizləyici qurğular quraşdırılmış, kənddaxili yollar təmir edilmiş, yeni məktəb binaları tikilmişdir.
Görüşdə çıxış edənlər – Bəylər Cəfərov, Loğman Vəliyev, Vaqif Qədirov, Niyazi Əliyev və başqaları ölkəmizdə və rayonumuzda görülən bütün işlərə görə Ölkə Prezidentinə öz minnətdarlıqlarını bildirmiş, eyni zamanda öz təklif və xahişlərini bildirmişlər.
Sonda irəli sürülən təkliflər və qaldırılan məsələlərin həlli ilə bağlı yerli icra və bələdiyyə orqanlarına, əlaqədar təşkilat rəhbərlərinə icra başçısı tərəfindən müvafiq tapşırıqlar verilmişdir.