ZƏRDABDA BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜ QEYD EDİLİB
5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə Zərdab rayonunda tədbir keçirilmişdir.
Bayram tədbirində Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev təhsil işçilərini bu əlamətdar gün münasibətilə təbrik etmişdir. Bildirmişdir ki, milli təhsilin inkişafına göstərilən dövlət qayğısının nəticəsidir ki, son 10 ildə rayonda 3035 yerlik 16 məktəb, o cümlədən Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 280 şagird yerlik 2 məktəb binası tikilib istifadəyə verilmiş, 2 tam orta məktəb binası əsaslı təmir edilmişdir. Cari ildə Əlvənd kənd tam orta məktəbi təmir edilmişdir. Son illərdə şəhər 1, 2, 3 saylı, Dəkkəoba və Böyük Dəkkə kənd körpələr evi-uşaq bağçalarının yerləşdiyi binalar əsaslı təmir edilmiş, Qoruqbağı kənd körpələr evi-uşaq bağçası üçün yeni bina tikilmişdir. Digər təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilmişdir. Nəticədə tədrisin keyfiyyəti yüksəlmişdir. Belə ki, əgər 2007-ci ildə cəmi 48 nəfər məzun ali məktəbə qəbul olmuşdursa, bu il bu göstərici 152 nəfər olmuş, 6 nəfər məzun qəbul imtahanlarında 600-dən çox bal toplamışdır.
İcra başçısı ölkə Prezidentinin sərəncamı ilə Zərdab şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Cavahir İsmayılovanın “Əməkdar müəllim” fəxri adına layiq görülməsini rayonun təhsil işçilərinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirmişdir.
Tədbirdə çıxış edən müəllimlər respublikamızda təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda bir qrup müəllimlərə fəxri fərman və xatirə hədiyyələri təqdim olunmuşdur.