ZƏRDABDA 9 AYIN YEKUNLARI VƏ QARŞIDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ EDİLDİ
Zərdab rayonunda iqtisadiyyatın aparıcı sahəsini aqrar sektor təşkil edir. Təsadüfi deyildir ki, cari ilin doqquz ayında rayonda 63 milyon 405 min manatlıq məhsul istehsal olunub. Bunun 41 milyon 271,6 min manatı kənd təsərrüfatının payına düşür. “Kənd təsərrüfatı ili” ilə əlaqədar həyata keçirilən tədbirlər də öz bəhrəsini verməkdədir. Belə ki, bu il 49 min 850 ton taxıl istehsal olunub, hər hektarda orta məhsuldarlıq 29,8 sentnerə çatdırılıb. 116 hektar sahədən 2098 ton kartof götürülüb. Bostan-tərəvəz məhsulları da ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb.
AZƏRTAC xəbər verir ki, bu məlumatlar oktyabrın 19-da Zərdabda cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında səsləndirilib.
Hesabat yığıncağında bildirilib ki, ötən dövrdə rayonun Şahhüseynli kəndində həkim məntəqəsi tikilib. Hazırda iki uşaq bağçası-körpələr evinin, 4 kənddə modul tipli sutəmizləyici qurğunun inşası davam etdirilir. Əsas kənd yollarında təmir işləri aparılıb. Pərvanlı, Əlibəyli, Allahqulubağı, Gödəkqobu və Məmmədqasımlı kəndlərinə təbii qaz verilib, daha on kənddə isə qazlaşdırma işləri aparılır.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət sahələrində həyata keçirilən işlər, qazanılan uğurlu nəticələr barədə də ətraflı danışılıb, habelə qarşıda duran konkret vəzifələrdən bəhs olunub.
Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.