Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA YENİ MƏKTƏB BİNASININ AÇILIŞ MƏRASİMİ KEÇİRİLDİ

12 noyabr 2015 | 16:00

Ölkə Prezidenti cənab İlham Əliyevin Zərdab rayonuna səfəri zamanı 2010-cu ildə Kür daşqınlarından zərər çəkmiş sakinlər üçün salınan yeni qəsəbədə məktəb tikintisi xahiş olunub. Dövlət başçısının tapşırığına əsasən həmin yaşayış sahəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən hər cür şəraiti olan məktəb binası tikilərək istifadəyə verilib. Respublika Fövqəladə Hallar Nazirliyinin xətti ilə inşa olunan müasir məktəb binası sinif otaqlarından, kompyuter zalından, voleybol, basketbol və futbol meydançalarından, kitabxanadan ibarətdir. Təhsil ocağının ərazisində transformator yarımstansiyası və qazanxana quraşdırılıb. Ehtiyat su anbarı tikilib. Məktəb istilik sistemi, eləcə də zəruri mebel və avadanlıqlarla təmin olunub. Tədris müəssisəsinin ətrafı abadlaşdırılıb, yaşıllıqlar salınıb.
Məktəbin istifadəyə verilməsi münasibətilə təşkil olunan mərasimdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev ölkədə milli təhsilin inkişafına göstərilən dövlət qayğısından faktlarla söz açıb. Bildirib ki, son illər Zərdabda 3035 şagird yerlik 16 müasir məktəb binası tikilib. 2 tam orta məktəb əsaslı şəkildə yenidən qurulub. Rayon rəhbəri məlumat verib ki, 2010-cu ildə Türyançay və Kür çaylarının daşması nəticəsində bir sıra evlərə ciddi ziyan dəyib. Rayonun “32 hektar” adlanan ərazisində ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə təbii fəlakətdən ziyan çəkmiş ailələr üçün fərdi mənzillər tikilib. 2012-ci ildə dövlət başçısı rayona səfər edərkən yeni qəsəbənin sakinləri ərazidə müasir məktəb binasının inşası ilə bağlı xahişlərini səsləndiriblər. Buna uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən hər cür şəraiti olan müasir təhsil ocağı inşa olunub.
Açılış mərasimində müəllim və şagirdlər, eləcə də valideynlər qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər.
Rəmzi lent kəsildikdən sonra sinif otaqlarında yaradılan şəraitlə tanışlıq olub.

Keçidlər