Zərdabda daha bir yaşayış məntəqəsinə təbii qaz verildi
27 noyabr 2015-ci il tarixdə Zərdab rayonunun Çallı kəndinə yeni çəkilmiş qaz xəttinin açılış mərasimi keçirilmişdir. Kənddə 43609 paqonometr daşıyıcı və paylayıcı xətt çəkilmiş, 524 evə sayğac quraşdırılmış, qaz pilətələrinin quraşdırıldığı məsafəyə qədər xətt çəkilmişdir.
Açılış mərasimində çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev Çallı kəndinin sakinlərini bu əlamətdar hadisə münasibətilə təbrik etmişdir. Qeyd olunmuşdur ki, artıq bununla rayonun 25 yaşayış massivində vətəndaşlar təbii qazdan istifadə edəcəklər. Hazırda rayonun digər yaşayış məntəqələrində qazlaşma işləri sürətlə davam etdirilir.
İcra başçısı bildirmişdir ki, ölkəmizin inkişafı, xalqımızın firavan yaşayışının təşkili istiqamətində ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
Mərasimdə çıxış edən kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Sonra inşaat işlərində fəallıq göstərən bir qrup işçiyə qiymətli hədiyyələr təqdim olunmuşdur.
Mərasimin sonunda mavi yanacağın verilişini bildirən rəmzi məşəl alovlandırılmışdır.
Açılış mərasimində Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Oqtay Qarayev iştirak etmişdir.