ZƏRDABDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ İLƏ ƏLAQƏDAR SİLSİLƏ TƏDBİRLƏR DAVAM ETDİRİLİR
Zərdab rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər davam etdirilir. 10-11 dekabr 2015-ci il tarixlərdə bağça uşaqları, ümumtəhsil məktəblərinin şagirdləri Ümummilli liderin abidəsini ziyarət edərək, Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş eksponatlarla tanış olublar. Heydər Əliyev Mərkəzində Ulu Öndərin irsinin öyrənilməsi məqsədilə məktəblilər üçün tarix dərsləri təşkil edilib.
12 dekabr 2015-ci il tarixdə isə Zərdabda Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə ümumrayon anım mərasimi keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev “Heydər Əliyev, müstəqil, demokratik, dinamik inkişaf edən Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edilib ki, Azərbaycan dövlətinin tarixi və taleyi Ulu Öndərin adı ilə sıx bağlıdır. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində inkişaf, dirçəliş olub. Məhz Heydər Əliyev Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. Canlı əfsanəyə çevrilmiş Heydər Əliyev qüdrətli siyasi xadim, əvəzolunmaz tarixi şəxsiyyət və əsl Azərbaycanlı idi. İcra başçısı vurğulayıb ki, Heydər Əliyev 20-ci yüzilliyin canlı tarixi, yeni, Müstəqil Azərbaycanın qurucusu kimi əlçatmaz zirvə fəth edib. Hələ sağlığında özünə əbədiyaşarlıq statusu qazanmış Ümummilli lider siyasi və ictimai fəaliyyəti ilə öz xalqının və Azərbaycanın çağdaş tarixində elə bir iz qoyubdur ki, bu gün Azərbaycanı Heydər Əliyevsiz təsəvvür etmək mümkün deyildir.
Natiq Azərbaycan dövlətinin sükanının bu gün də etibarlı əllərdə olmasını mərasim iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, son illərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də regionlarda görülən genişmiqyaslı abadlıq və quruculuq işləri, insanların sosial problemlərinin həlli istiqamətində atılan cəsarətli addımlar, müstəqil Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu Heydər Əliyev ruhuna hörmət və ehtiramın ən bariz nümunəsidir.
Sonra iştirakçılar Ulu Öndərin anım gününə həsr olunmuş baxış müsabiqədə qalib gəlmiş divar qəzetləri, Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən kitabların sərgisi və foto stendlərlə tanış olublar. Məktəblilərin hazırladığı kompozisiya nümayiş etdirilib.
Daha sonra veteranlar, hüquq-mühafizə orqanlarının işçiləri, rayonun əmək kollektivlərinin üzvləri, ictimaiyyət nümayəndələri Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüblər.
Mərasim iştirakçıları Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən filmə tamaşa ediblər.