ZƏRDABDA HƏMRƏYLİK GÜNÜ VƏ YENİ İL QEYD EDİLDİ
30 dekabr 2015-ci il tarixdə Zərdabda 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təntənəli ümumrayon tədbiri keçirilmişdir.
Heydər Əliyev parkında keçirilən tədbirdə öncə Ümummilli liderin abidəsi ziyarət olunmuşdur. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə bütün zərdablıları təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır.
Qeyd etmişdir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olmaqla, dünyanın ayrı-ayrı ölkələrində yaşayan milyonlarla azərbaycanlının həmrəylik tarixdir. Bildirilmişdir ki, 2015-ci il Azərbaycan xalqının yaddaşında həyatımızın bütün sahələrində əsaslı dəyişikliklər, dinamik inkişaf, mühüm tarixi günlərlə zəngin bir il olmaqla, Zərdabi yurdunun da tarixində çox böyük əhəmiyyətə malik bir il olmuşdur. Natiq əldə olunan bütün uğurlara görə ilk növbədə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə bütün zərdablıların səmimi təşəkkürünü və minnətdarlığını bildirmişdir.
Sonra əmək fəaliyyətlərində fərqlənmiş bir qrup şəxslərə Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri təqdim edilmişdir. Aztəminatlı və imkansız ailələrdən olan 300 nəfər uşağa bayram münasibətilə hədiyyələr verilmişdir.
Tədbir böyük bayram konserti ilə davam etdirilmişdir.