20 YANVAR FACİƏSİNİN 26-CI İLDÖNÜMÜ İLƏ BAĞLI ZƏRDABDA ÜMUMRAYON ANIM MƏRASİMİ KEÇİRİLDİ
Zərdab Rayon İcra Hakimiyyətində təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Zərdab rayonun idarə, müəssisə və təşkilatlarında keçirilən tədbirlər davam etdirilir. Keçirilən tədbirlərin davamı olaraq 20 Yanvar faciəsinin 26-ci ildönümü ilə bağlı ümumrayon anım mərasimi keçirilmişdir.
Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Şəhidlərin Xatirə parkında 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş divar qəzetlərinə, rəsm işlərinə və kitab sərgisinə baxış keçirmiş, daha sonra abidə önünə güllər qoymuşlar.
Tədbirdə rəsmi hissə ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş vətən övladlarının ruhuna dualar verilməsi ilə başlanılmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev anım mərasimində çıxış edərək bildirmişdir ki, 20 Yanvar hadisələri Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuş, xalqın milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilmişdir. 26 il əvvəl doğma yurdunun, xalqının azadlığı, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gündə canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar.
Natiq qeyd etmişdir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə Zərdab rayonu 130-a qədər şəhid vermiş, 90 nəfərdən çox gənc oğlanlarımız əlil olmuşlar. Rayonumuzda da şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində müxtəlif tədbirlər görülmüş, 35 nəfərə qədər şəhidimizin adı məktəb və küçələrə verilmiş, şəhər mərkəzində Şəhidlərin xatirə parkı yaradılmış, bütün təhsil müəssisələrində şəhidlərə xatirə abidəsi ucaldılmışdır.
İcra başçısı xalqımızın səsinə ilk dəfə səs verən, dərdinə şərik olan Ümummilli liderimiz Heydər Əliyevin 20 yanvarı xalqımızın qəhrəmanlıq tarixi adlandırmasını bir daha yada salaraq bütün zərdablılar adından Vətən yolunda canlarından keçən şəhidlərimizə Ulu Yaradandan rəhmət, ailələrinə səbir diləmişdir.
Mərasimdə məktəblilərin hazırladıqları kompozisiya nümayiş etdirilmişdir.
Saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, avtomobillər və gəmi vasitəsilə səs siqnalları verilmişdir.
Rayonun idarə, müəssisə və təşkilatlarının bütün əmək kollektivləri Şəhidlərin Xatirə parkında ucaldılmış abidənin önünə tər güllər qoymuşlar.
Gün ərzində rayon ərazisindəki məscidlərdə ehsan süfrələri açılmış, şəhidlərin ruhuna dualar oxunmuşdur.