Zərdabda sahibkarlarla görüş keçirildi
04 fevral 2016-cı il tarixdə Zərdab Rayon İcra Hakimiyyətində rayon rəhbərliyinin sahibkarlarla görüşü keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev görüşü giriş sözü ilə açaraq ölkədə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən faktlarla söz açıb. Bildirib ki, son illər həyata keçirilən quruculuq-abadlıq və əsaslı yenidənqurma tədbirləri nəticəsində Zərdabın siması müasirləşib. 300-dən çox sosial və istehsal təyinatlı obyekt istifadəyə verilib. 25 yaşayış məntəqəsi qazlaşdırılıb. Zərdab-Mollakənd, Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolları yenidən qurulub. Yaşayış məntəqələrində 21 ədəd modul tipli sutəmizləyici qurğular quraşdırılıb. Hazırda Mərkəzi Xəstəxananın və 2 təhsil ocağının əsaslı təmir-bərpası davam etdirilir. Bununla belə yerli şəraitə uyğun olaraq müasir istehsal müəssisələrinin yaradılması istiqamətində tədbirlər davam etdirilir.
Görüşdə çıxış edən sahibkarlar dövlət başçısı tərəfindən onlara göstərilən diqqət və qayğıdan, sahibkarlığın inkişafı naminə imzalanan sərəncamların əhəmiyyətindən danışıblar. Ölkə iqtisadiyyatını qlobal böhrandan qorumaq üçün görülən tədbirlərin müsbət nəticə verəcəyinə inandıqlarını bildiriblər. Çıxışlarda Zərdab pambıq zavodunun və ümumiyyətlə fəaliyyəti dayanmış istehsal müəssisələrinin işə salınması, yeni fermer təsərrüfatlarının və makaron sexinin yaradılması, süd emalı sexinin fəaliyyətə başlaması, əkin dövriyyəsinə yeni torpaqların cəlb olunması, vaxtilə bəzi rayonlara icarəyə verilmiş fond torpaqlarından səmərəli istifadə olunmadığı və torpaq vergisi ödənilmədiyi üçün onların geri qaytarılması, eləcə də dəri, yun və ət qəbulu məntəqələrinin açılması ilə bağlı təkliflər səsləndirilib.
Görüşdə səsləndirilən fikir və təkliflərin araşdırılaraq icra edilməsi, eləcə də bəzi məsələlərin müsbət həlli üçün mərkəzi icra hakimiyyəti orqanlarına müraciət olunması qərara alınıb.