Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova fevralın 10-da Zərdab rayonunda ictimaiyyət nümayəndələri ilə görüşüb
Zərdab, 10 fevral, Adil Ağayev, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova fevralın 10-da Zərdab rayonunda ictimaiyyət nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdən əvvəl Dövlət Komitəsinin sədri Hicran Hüseynova, rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev, Milli Məclisin deputatı Jalə Əliyeva ümummilli lider Heydər Əliyevin Zərdab şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə çiçəklər qoyublar.
Rayon icra hakimiyyətinin konfrans zalında keçirilən görüşdə Prezident İlham Əliyevin qarşıya qoyduğu prioritet vəzifələr və verdiyi tapşırıqlarla əlaqədar görüləcək işlər geniş müzakirə olunub.
Konfransı giriş sözü ilə açan Lütvəli Babayev son illər, xüsusən ötən il rayonda sosial-iqtisadi inkişafın uğurlu nəticələri barədə ətraflı məlumat verib, Zərdabda iqtisadiyyatın ayrı-ayrı sahələrinin, o cümlədən pambıqçılığın inkişafı sahəsində potensial imkanların olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu sahədə sahibkarların təşəbbüsləri dəstəklənəcək və onlara hərtərəfli qayğı göstəriləcək. Hazırda bu istiqamətdə lazımi tədbirlər görülür.
Görüşdə çıxış edən Hicran Hüseynova birinci Dövlət Proqramından sonra Azərbaycanın keçdiyi sürətli sosial-iqtisadi inkişaf yolunu təhlil edib, qazanılan böyük uğurları konkret faktlarla diqqətə çatdırıb. Komitə sədri dünyanı bürüyən iqtisadi böhranın Azərbaycandan da yan keçmədiyini söyləyib, yaranan vəziyyətdə çevik və sistemli tədbirlərin həyata keçirilməsi üçün ölkənin bütün resurslarının səfərbər olunmasının zəruriliyini vurğulayıb. Bildirib ki, hazırda ölkə iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, qeyri-neft sektorunun inkişafının prioritet istiqamətləri müəyyənləşdirilib.
Bu məsələyə hamının daha həssas və məsuliyyətlə yanaşmasının, sahibkarların sərbəst fəaliyyəti üçün hər cür şəraitin yaradılmasının vacib olduğunu qeyd edən H.Hüseynova deyib: “Sahibkarlığın, o cümlədən qadın sahibkarlığının inkişafı, məşğulluq səviyyəsinin yüksəldilməsi, orta təbəqənin daha da gücləndirilməsi prioritet istiqamətdir. Bununla bağlı güclü qanunvericilik bazası formalaşıb. Qəbul olunan qanun və bir sıra dövlət proqramları qadınların istənilən sahədə fəaliyyət göstərməsinə imkan yaradır. Bu sənədlərdə onların məşğulluğunun artırılmasına xüsusi diqqət yetirilir. Qadın sahibkarlığının inkişafına hər cür dəstək göstərilir, qadınlar üçün əlavə iş yerləri yaradılır. Tənha anaların, imkansız ailələrdən olan qadınların məşğulluğunun artırılması üçün onların müxtəlif sahələrdə biznesə cəlb olunması sürətləndirilir”.
Bu gün Azərbaycanda qadınların təqribən 50 faizinin əmək fəaliyyəti ilə məşğul olduğunu, onların ölkə iqtisadiyyatının, demək olar, bütün sahələrində çalışdıqlarını qeyd edən komitə sədri məlumat verir ki, sahibkarlar arasında qadınların xüsusi çəkisi 19,4 faizə çatır. Onlar fərdi sahibkarlıq, yüngül sənaye, turizm, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, tikinti, sosial xidmət və digər sahələrdə çalışırlar. Azərbaycanda qadın sahibkarlığına maraq günbəgün artır. Bu barədə danışan H.Hüseynova deyib: “Buna görə də qadınlar peşə hazırlığına və hazırlıq kurslarına cəlb olunmalı, onlar bazar iqtisadiyyatı və sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübə qazanmaq üçün maarifləndirilməlidirlər. Kiçik və orta sahibkarlığın inkişafında ilk növbədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük rolunu xüsusi qeyd etmək istərdim. Sahibkar qadınların fəaliyyətini gücləndirmək üçün Heydər Əliyev Fondu tərəfindən müxtəlif layihələr həyata keçirilir. Bu layihələr qadınlara kiçik və orta biznesin qurulmasında kömək edir. Xüsusilə, daha aztəminatlı, əlil, qaçqın və məcburi köçkün qadınların sahibkarlıqla məşğul olmasında belə layihələr mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə aparılan köklü iqtisadi islahatlar öz töhfəsini verməkdədir. Lakin biz daxili imkanlarımızı daha yüksək nəticələr qazanılmasına səfərbər etməliyik. Regionlarda infrastrukturu müasirləşdirməklə, intellektual mühit formalaşdırmaqla sahibkarlığın daha da inkişaf etməsinə nail olmaq mümkündür. Belə ki, qadınların sosial problemlərinin həlli üçün lazımi şəraitin yaradılması onların daha aktiv fəaliyyət göstərmələrinə səbəb olur”.
Məlumat verilib ki, hazırda “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi həyata keçirilir. Artıq bir neçə rayonda Qadın Resurs Mərkəzi yaradılıb. Onlarla qadın öz biznesini qurub. Qadınların iqtisadi cəhətdən gücləndirilməsi ailə münasibətlərinə də müsbət təsir edir. Ailə büdcəsində öz töhfəsini verməklə yanaşı, qadının özünə inam hissini artırır. Eyni zamanda, bununla qadınlar özlərinin iqtisadi və ictimai həyatda bərabər iştiraklarını təmin etmiş olurlar. Xüsusilə, nisbətən daha aztəminatlı, əlil, qaçqın və məcburi köçkün qadınların sahibkarlıqla məşğul olmalarında belə layihələr mühüm əhəmiyyətə malikdir.
Son illərdə dövlətimizin başçısının sahibkarların ehtiyaclarına xüsusi diqqəti nəticəsində, paytaxtda və regionlarda qadınların sahib olduqları müəssisələrin sayının artdığı müşahidə edilir. Komitə sədri Zərdab rayonunda da qadın sahibkarların inkişafı üçün geniş potensial imkanların mövcudluğunu bildirərək, bu sahədə hər bir müraciətin dəstəklənəcəyini və lazımi qayğı göstəriləcəyini diqqətə çatdırıb.
Tədbirdə Milli Məclisin deputatı Jalə Əliyeva çıxış edərək, şəffaflığın təmin edilməsi, bürokratik əngəllərin aradan qaldırılması, qeyri-neft sektorunun inkişafında sahibkarların qüvvəsindən səmərəli istifadə olunması kimi prioritet məsələlərdən bəhs edib.
Sonra çıxış edən sahibkarlar rayon iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişafı, yeni istehsal sahələrinin yaradılması, iş yerlərinin açılması ilə əlaqədar təkliflərini bildiriblər. “Zərdab pambıq” ASC-nin, “Zərdab süd” ASC-nin, Zərdab quşçuluq kombinatının, kərpic zavodunun fəaliyyətinin bərpa olunması, iri heyvandarlıq kompleksinin, qarğıdalı, soya, günəbaxan, pambıq əkini sahələrinin genişləndirilməsi, xalçaçılığın inkişafı üçün lazımı tədbirlərin görülməsi barədə təkliflər səsləndirilib. Habelə güzəştli kreditlərin verilməsi, mərkəzi xəstəxana binasının əsaslı təmirinin sürətlənməsi, meliorasiya işlərinin aparılması ilə bağlı məsələlər qaldırılıb.
İctimaiyyət nümayəndələrinin və sahibkarların təklifləri geniş müzakirə olunub, onların araşdırılması və həlli üçün əlaqədar qurumlara konkret tapşırıqlar verilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır