Zərdabın daha iki yaşayış məntəqəsinə təbii qaz verildi
19 fevral 2016-cı il tarixdə Zərdab rayonunun Birinci Alıcanlı və İkinci Alıcanlı kəndlərinə yeni çəkilmiş qaz xəttinin açılış mərasimi keçirilmişdir. Kəndlərdə 36035 paqonometr daşıyıcı və paylayıcı xətt çəkilmiş, 327 evə sayğac quraşdırılmışdır.
Açılış mərasimində çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev hər iki kəndin sakinlərini bu əlamətdar hadisə münasibətilə təbrik etmişdir. Qeyd olunmuşdur ki, hazırda rayonun digər kəndlərində də qazlaşma işləri sürətlə davam etdirilir.
Mərasimdə çıxış edən kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Sonra inşaat işlərində fəallıq göstərən bir qrup işçiyə qiymətli hədiyyələr təqdim olunmuşdur.
Mərasimin sonunda mavi yanacağın verilişini bildirən rəmzi məşəl alovlandırılmışdır.
Açılış mərasimində Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Elməddin İbrahimov iştirak etmişdir.