Xüsusi qərargahın növbəti iclası keçirildi
29 fevral 2016-cı il tarixdə ölkə Prezidentinin sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması və sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqlarının icrasını təmin etmək məqsədilə Zərdab Rayon İcra Hakimiyyətində yaradılmış xüsusi qərargahın növbəti iclası keçirilmişdir. İclasda qərargahın üzvləri, yerli icra və bələdiyyə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, sahibkarlar iştirak etmişlər.
İclası giriş sözü ilə qərargahın rəhbəri, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev açmışdır.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, qərargahın üzvü Rəhman Feyzullayev çıxış edərək qərargahın fəaliyyəti barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, 01 fevral 2016-cı il tarixdən yeni yaradılmış iş yerlərinə 207 nəfər işçi qəbul olunmuşdur. Hazırda rayon ərazisində təhsil müəssisələri üzrə 30, səhiyyə müəssisələri üzrə 118, Ekologiya və Təbii sərvətlər Nazirliyi üzrə 5, Meliorasiya və Su Təsərrüfatı ASC üzrə 8, “Azərişıq” ASC üzrə 8, digər qurumlar üzrə 6 vakant iş yeri vardır. Əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sahibkarlığın inkişaf etdirilməsi sahəsində cənab Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqların icrası ilə bağlı rayonda işlər davam etdirilir. Yaxın perspektivdə həyata keçiriləcək tədbirlər nəticəsində daha 375 vakant iş yerinin yaradılması nəzərdə tutulmuşdur.
İclasda Zərdab Rayon Statistika İdarəsinin rəisi Əhməd Bağırov, Regional Meşəsalma Müəssisəsinin direktoru Bəxtiyar Fətəliyev, Məşğulluq Mərkəzinin direktoru Ədalət Rəhimov və digərləri çıxış edərək əhalinin məşğulluğunun yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər barədə məlumat vermiş, bu istiqamətdə görülən işlərin bundan sonra da davam etdiriləcəyini qeyd etmişlər. Çıxış edənlər həyata keçirilən tədbirlərə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev iclası yekunlaşdıraraq qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə yaradılmış qərargahın imkanlarından səmərəli istifadə edilməsinin zəruriliyini vurğulamış, qərargah üzvlərinə konkret tapşırıqlar vermişdir.