Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab Rayon İcra Hakimiyyəti başçısının kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüşü keçirilib

03 mart 2016 | 16:00

Zərdab Rayon İcra Hakimiyyəti başçısının rayonun kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüşü keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, təşkilat rəhbərləri, sahibkarlar, fermerlər, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
İcra başçısı son vaxtlar ölkəmizdə, o cümlədən rayonumuzda görülən işlər barədə iştirakçılara ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, cənab Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində Respublikamızda həyata keçirilən tədbirlər Zərdab rayonundan da yan keçməmişdir. Rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində xeyli iş görülmüş, 2015-ci ildə 50 min tona qədər taxıl istehsal edilmişdir. Digər kənd təsərrüfatı məhsullarının istehsalında da irəliləyişə nail olunmuşdur. Zərdabda böyük tikinti-quruculuq işləri aparılmış, əhalinin sosial problemlərinin əksəriyyəti öz həllini tapmışdır. Rayonda qazlaşma işləri sürətlə davam etdirilir, artıq 25 yaşayış məntəqəsinin qazlaşması başa çatdırılmış, hazırda digər yaşayış məntəqələrinə təbii qaz xəttinin çəkilişi davam etdirilir. Şəhər əhalisi ekoloji cəhətdən təmiz içməli sudan istifadə edir. Rayonda elektrik təsərrüfatının yenidən qurulması istiqamətində işlərə başlanılmış, küçə və yolların təmiri və yenidən qurulması istiqamətində iş aparılır.
İcra başçısı həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 2016-cı ilin yanvar ayında keçirilən konfrans və müşavirələrdə ölkə Prezidentinin nitqlərindən irəli gələn vəzifələr, dövlət başçısının tapşırığına əsasən sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi və digər məsələlərlə bağlı görülmüş işlər barədə görüş iştirakçılarını ətraflı məlumatlandırmışdır. Bildirmişdir ki, cənab Prezidentin diqqət və qayğısı sayəsində rayonumuzda 01 fevral 2016-cı il tarixdən 400-dən çox vakant iş yeri yaradılmış və artıq 200-dən çox sakinimiz işlə təmin olunmuşdur. Yaxın perspektivdə yerli və xarici iş adamları ilə aparılan danışıqlar və Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində daha 375 yeni iş yerinin açılması gözlənilir.
Görüşdə çıxış edənlər ölkəmizdə və rayonumuzda görülən bütün işlərə görə Ölkə Prezidentinə öz minnətdarlıqlarını bildirmiş, eyni zamanda öz təklif və xahişlərini bildirmişlər.
İrəli sürülən təkliflər və qaldırılan məsələlərin həlli ilə bağlı yerli icra və bələdiyyə orqanlarına, əlaqədar təşkilat rəhbərlərinə icra başçısı tərəfindən müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər