Zərdab Rayon İcra Hakimiyyəti başçısının kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüşü keçirilib
Zərdab Rayon İcra Hakimiyyəti başçısının rayonun kənd təsərrüfatı məhsulları istehsalçıları ilə növbəti görüşü keçirilmişdir. Çallı kəndində keçirilən görüşdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, təşkilat rəhbərləri, sahibkarlar, fermerlər, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
İcra başçısı ölkəmizdə, o cümlədən rayonumuzda görülən işlər barədə iştirakçılara ətraflı məlumat vermişdir. Bildirmişdir ki, cənab Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində bütün regionlarda olduğu kimi Zərdab rayonunda genişmiqyaslı işlər görülmüşdür. Kənd təsərrüfatının inkişafı diqqət mərkəzində saxlanılmış, 2015-ci ildə 50 min tona qədər taxıl istehsal edilmişdir. Digər kənd təsərrüfatı məhsullarının istehsalında da irəliləyişə nail olunmuşdur. Böyük tikinti-quruculuq işləri aparılmış, əhalinin sosial problemlərinin əksəriyyəti öz həllini tapmışdır. 25 yaşayış məntəqəsinin qazlaşması başa çatdırılmış, digər yaşayış məntəqələrinə təbii qaz xəttinin çəkilişi davam etdirilir. Şəhər əhalisi ekoloji cəhətdən təmiz içməli sudan istifadə edir. Rayonda elektrik təsərrüfatının, küçə və yolların təmiri və yenidən qurulması istiqamətində iş aparılır.
İcra başçısı həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi və digər məsələlərlə bağlı görülmüş işlər barədə görüş iştirakçılarını ətraflı məlumatlandırmışdır. Bildirmişdir ki, cənab Prezidentin diqqət və qayğısı sayəsində rayonumuzda 01 fevral 2016-cı il tarixdən 400-dən çox vakant iş yeri yaradılmış və artıq 220-yə qədər sakinimiz işlə təmin olunmuşdur. Yaxın perspektivdə yerli və xarici iş adamları ilə aparılan danışıqlar və Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində daha 375 yeni iş yerinin açılması gözlənilir.
Görüşdə çıxış edənlər ölkəmizdə və rayonumuzda görülən bütün işlərə görə Ölkə Prezidentinə öz minnətdarlıqlarını bildirmiş, eyni zamanda öz təklif və xahişlərini bildirmişlər.
İrəli sürülən təkliflər və qaldırılan məsələlərin həlli ilə bağlı yerli icra və bələdiyyə orqanlarına, əlaqədar təşkilat rəhbərlərinə icra başçısı tərəfindən müvafiq tapşırıqlar verilmişdir.