ZƏRDABDA 31 MART SOYQIRIMININ QURBANLARI YAD EDİLDİ
31 mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Zərdab Rayon İcra Hakimiyyətində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq rayonda silsilə tədbirlər davam etdirilir. 30 mart 2016-cı il tarixdə rayon gənclərinin və YAP fəallarının bir qrupu Quba kütləvi məzarlığını ziyarət etmişlər.
31 mart 2016-cı il tarixdə isə rayonun əmək kollektivlərinin nümayəndələrinin, rayon fəallarının, veteranların, ağsaqqal və ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə ümumrayon tədbiri keçirilmişdir.
Rayon rəhbərliyi və iştirakçılar əvvəlcə soyqırıma həsr olunmuş rəsmlər, divar qəzetləri və kitablardan ibarət sərgi ilə tanış olmuşlar. Sonra Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri qoymuşlar.
Anım mərasiminin rəsmi hissəsində Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev geniş nitq söyləmiş, ermənilərin məkrli işğalçılıq siyasəti və bu siyasət nəticəsində xalqımıza qarşı həyata keçirilən qətliamlardan danışmışdır. Bildirmişdir ki, məhz Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ermənilərin digər cinayət aktları kimi bu hadisələrə də düzgün hüquqi-siyasi qiymət verilmişdir. Ümummilli liderin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Hazırda Ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Respublika Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev torpaqlarımızın erməni işğalından azad olunması üçün böyük işlər görməklə, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə çalışır.
Daha sonra 31 mart soyqırımına həsr olunmuş kompozisiya nümayiş etdirilmişdir.
Gün ərzində rayonun bütün məscidlərində soyqırımı qurbanlarının xatirəsinə dini mərasimlər təşkil olunmuşdur.