HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ “AKADEMİK ZƏRİFƏ ƏLİYEVA-KAMİLLİK VƏ MÜDRİKLİK ZİRVƏSİ” ADLI TƏDBİR KEÇİRİLDİ
Zərdab rayon Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq-alim, Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan Əməkdar elm xadimi, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə əlaqədar “AKADEMİK ZƏRİFƏ ƏLİYEVA–KAMİLLİK VƏ MÜDRİKLİK ZİRVƏSİ” adlı tədbir keçirildi.
Tədbir iştirakçıları əvvəlcə Zərifə xanımın həyatını və elmi fəaliyyətini əks etdirən foto və kitab sərgisinə baxıblar. Daha sonra tədbir iştirakçıları bir dəqiqəlik sükutla akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini yad edib, Zərifə xanım Əliyeva haqqında filmə baxıblar.
Tədbiri Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova giriş sözü ilə açaraq qeyd edib ki, görkəmli elm xadimi, dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda geniş qeyd edilir, əziz xatirəsi sonsuz məhəbbətlə anılır, yad edilir. Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elmi tarixində ayrıca bir mərhələ təşkil edir, elmi fəaliyyəti çox zəngin və əhatəli olub.
Bildirilib ki, oftalmoloq-alim Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmış, onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir.
Tədbirdə çıxış edənlər Zərifə xanımın tibb elmindəki nailiyyətləri ilə bərabər, həm də sədaqətli ömür-gün yoldaşı, gözəl ana olmasından bəhs ediblər. Qeyd olunub ki, həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, ailə üzvlərinə qarşı səmimiliyi, insanlara və onların problemlərinə göstərdiyi qayğı, fəal həyat mövqeyi Zərifə xanım Əliyevanı hər kəsə sevdirib, onu gələcək nəsillər üçün əsl nümunəyə çevirib.