Zərdabda sahibkarlarla görüş keçirildi
Zərdab Rayon İcra Hakimiyyətində sahibkarlarla təşkil olunan görüşdə həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirləri, yeni istehsal və xidmət müəssisələrinin yaradılması, yeni iş yerlərinin açılması barədə məlumat verilib. Xüsusilə aqrar sahədə görülən müsbət işlərdən danışılıb.
Zərdabda fəaliyyət göstərən iş adamları ilə təşkil olunan görüşdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev ölkədə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən faktlarla söz açıb. Məlumat verib ki, hazırda rayonda 126 hüquqi, 608 fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bildirib ki, son illər həyata keçirilən quruculuq-abadlıq və əsaslı yenidənqurma tədbirləri nəticəsində Zərdabın siması müasirləşib. 300-dən çox sosial və istehsal təyinatlı obyekt istifadəyə verilib. 25 yaşayış məntəqəsi qazlaşdırılıb. Zərdab-Mollakənd, Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolları yenidən qurulub. Yaşayış məntəqələrində 21 ədəd modul tipli sutəmizləyici qurğular quraşdırılıb. Hazırda Mərkəzi Xəstəxananın və 2 təhsil ocağının əsaslı təmir-bərpası davam etdirilir. Məlumat verilib ki, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına kənd təsərrüfatı sahəsində 25 layihənin icrasına 304,2 min manat kredit verilib. Nəticədə 30 yeni iş yeri yaradılıb. Bununla belə yerli şəraitə uyğun olaraq müasir istehsal müəssisələrinin yaradılması istiqamətində tədbirlər davam etdirilir. Rayon rəhbəri xüsusilə vurğulayıb ki, fermerlər Zərdabda ilk dəfə olaraq Abşeron zəfəranı, kartof əkiblər. Əhalinin pambıqçılığa olan marağı daha da artıb. Elə bu səbəbdəndir ki, 2016-cı ilin məhsulu üçün 800 hektardan çox sahədə pambıq əkini üçün şum aparılıb.
Görüşdə çıxış edən sahibkarlar dövlət başçısı tərəfindən onlara göstərilən diqqət və qayğıdan, sahibkarlığın inkişafı naminə imzalanan sərəncamların əhəmiyyətindən danışıblar. Cənab Prezident İlham Əliyev tərəfindən 21 aprel tarixinin “Sahibkarlar günü” kimi təsis edilməsi müsbət qiymətləndirilib. Ölkə iqtisadiyyatını qlobal böhrandan qorumaq üçün görülən tədbirlərin müsbət nəticə verdiyini bildiriblər.