Zərdabda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə bağlı toplantı keçirilib
Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə bağlı toplantı keçirilib. Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər. Sonra görkəmli alimin həyat və fəaliyyətindən bəhs edən guşəyə baxış olub. Videoçarx nümayiş etdirilib. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev bildirib ki, akademik Zərifə xanım Əliyevanın adı və elmi-ictimai fəaliyyəti zəriflik, humanistlik və nurla bağlıdır. Onun keçdiyi ömür yolu, mənalı həyatı, şərəfli həkimlik fəaliyyəti və yazdığı qiymətli əsərlər yüksək insanlıq meyarlarına, müqəddəs həkimlik peşəsinə ibrətamiz bir örnəkdir. Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan Zərifə xanım Əliyeva tibb elmində öz dəsti xətti olan yenilikçi bir alim kimi şöhrətlənib. Onun səhiyyə sahəsində qazandığı uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi bir mərhələ təşkil edir. Göz həkimi kimi Zərifə xanım Əliyeva bütün ömrünü insanlara işıq bağışlamağa həsr edib. İşığını itirmiş gözlərə nur vermək istəyi Zərifə xanımın parlaq obrazını qeyri-adi bir nəcibliyə qovuşdurub. Görkəmli alim yazıb-yaratdığı dəyərli əsərləri, qoyub getdiyi elmi irsi ilə birgə ideal həkim, alim və insan kimi xatirələrdə daim yaşayır.
Tədbirdə Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova çıxış edərək bildirib ki, Zərifə xanım Əliyevanın xatirəsinə ucaldılan büst və abidələr xalqımız tərəfindən bu böyük şəxsiyyətə olan ehtiram və məhəbbətin tükənməz təzahürüdür.
Digər çıxışlarda Zərifə xanım Əliyeva fədakar ana, oftalmoloq alim, gözəl insan kimi xarakterizə olunub. Bildirilib ki, bu böyük insanın həyat yolu bugünkü və gələcək nəsillər üçün əsl örnək və kamillik məktəbidir.