Şriftin ölçüsü :

Saytın rəngi :

Ədliyyə naziri Zərdabda vətəndaşları qəbul edib

02 may 2016 | 16:00

Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır, bu məqsədlə vətəndaşların bölgələrdə qəbulu davam etdirilir.

Mayın 2-də ədliyyə naziri cənab Fikrət Məmmədov Zərdab rayonundakı Heydər Əliyev Mərkəzində Zərdab, Ucar və Ağcabədi rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbula yazılış qabaqcadan başlanılıb, həmçinin vətəndaşlar nazirliyin elektron xidmət portalı vasitəsilə elektron qaydada birbaşa yazılmaq imkanından yararlanıblar.

Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər məsələlərlə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildiriblər. Onlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Ədliyyə naziri Zərdabda yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə də tanış olub. Nazir hakimlər və ədliyyə işçiləri ilə görüşərək bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş yeni “Açıq hökumətin təşviqinə dair 2016-2018-cı illər üçün Milli Fəaliyyət Planı”nın əhəmiyyətindən danışıb. F.Məmmədov bu mühüm sənəddən irəli gələn vəzifələri, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, şəffaflığın artırılması, qərarların ədalətliliyinin təmin edilməsi, eləcə də qərəzli yanaşmanın yolverilməzliyi, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına ciddi riayət olunması ilə bağlı dövlətimizin başçısının tələblərini diqqətə çatdırıb, aidiyyəti tövsiyə və tapşırıqlarını verib.

Keçidlər