ZƏRDABDA FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏNİN 71-Cİ İLDÖNÜMÜ QEYD OLUNDU
09 may 2016-cı il tarixdə Zərdab şəhərində, Kür çayı sahilindəki Qələbə meydanında 1941-1945-ci illər Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 71-ci ildönümü münasibətilə ümumrayon tədbiri keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə 1941-1945-ci illər müharibəsində həlak olmuş zərdablıların xatirəsinə ucaldılmış abidə kompleksi önünə, sonra isə Zərdab rayonundan olan Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun büstü önünə gül dəstələri qoymuşlar.
Zərdab Rayon Icra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev mərasimdə çıxış edərək bildirmişdir ki, İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli bir dövr olmuşdur. Müharibə illərində xalqımız həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıqlar göstərmişdir. Bu qəhrəmanlar arasında zərdablılar da çox olmuşdur. Həmyerlilərimiz olan Məlik Məhərrəmov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, Muradalı Heydərov isə “Şöhrət” ordeninin hər 3 dərəcəsi ilə təltif edilmiş, 2011-ci ildə Prezident təqaüdünə layiq görülmüş, daha sonra pulsuz minik avtomobili ilə təmin edilmişdir.
Natiq qeyd etmişdir ki, ölkəmiz hazırda müharibə şəraitində olmasına baxmayaraq dövlətimizin başçısı bütün insanlara, xüsusilə, müharibə veteranlarına, onların sosial problemlərinin həllinə yüksək diqqət və qayğı göstərir.
İcra başçısı bildirmişdir ki, Ali Baş Komandanımızın Azərbaycanın müdafiə qüdrətinin möhkəmləndirilməsinə göstərdiyi diqqət və qayğı hər bir azərbaycanlını ürəkdən sevindirir. Bizim Ermənistanı susdurmağa qadir ordumuz var. Lakin inanırıq ki, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ problemi cənab İlham Əliyevin müdrik siyasəti ilə sülh yolu ilə öz həllini tapacaqdır.
Mərasimdə çıxış edənlər müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişdirlər.
Veteranlara Rayon İcra Hakimiyyəti tərəfindən maddi yardım edilmişdir.