ZƏRDABDA ULU ÖNDƏRİN ANADAN OLMASININ 93-CÜ İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Zərdabda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilmişdir. Əvvəlcə Zərdab rayon ictimaiyyəti Ümummilli liderimizin abidəsi önünə gül dəstələri düzmüşdür. Ulu Öndərin zəngin və şərəfli ömür yolundan söz açan Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev Ulu Öndərimiz Heydər Əliyevin tarixi xidmətlərindən ətraflı danışmışdır. Bildirmişdir ki, o, nadir tarixi şəxsiyyət olmaqla müstəqilliyimizin qorunub saxlanılması, dövlət təsisatlarının yaradılması, azərbaycançılıq məfkurəsinin formalaşması istiqamətlərində misilsiz xidmətlər göstərmişdir. İcra başçısı vurğulamışdır ki, Ulu Öndərin bizə irs qoyub getdiyi milli dövlətçilik təcrübəsi dərindən öyrənilməli, gənc nəslə təbliğ olunmalıdır.
Silsilə tədbirlər çərçivəsində zərdablılar Heydər Əliyev Mərkəzindəki eksponatlarla tanış olmuş, Ulu Öndərin fəaliyyətini əks etdirən filmə baxmışlar. Ümummilli liderimizin adını daşıyan parkda təşkil edilən əl işlərindən ibarət sərgi və divar qəzetləri maraqla izlənilmişdir. Kitab sərgisində 200 adda 1200 nüsxədən çox kitab nümayiş olunmuşdur. Müstəqil dövlətimizin banisi Heydər Əliyevə həsr edilmiş kitablar, klassik və müasir ədəbiyyat nümunələri, müasir Azərbaycanın uğurlarından bəhs edən jurnal və dərgilər də marağa səbəb olmuşdur.
Daha sonra Zərdab rayonunun idarə, müəssisə və təşkilatlarında çalışan 1000 nəfər sakinin iştirakı ilə Zərdab-Ucar avtomobil yolunun kənarlarında 3500 ədəd qovaq, çinar, eldar şamı, gövrüc, söyüd, qaraağac, sərv və digər ağaclar əkilmişdir. Yeni və mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir.