Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab şəhərində nümunəvi məhəllə yaradılacaq

17 may 2016 | 16:00

Zərdab Rayon İcra Hakimiyyəti başçısının şəhərin 10-cu məhəlləsinin sakinləri ilə görüşü keçirilmişdir. Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində son vaxtlar ölkəmizdə və rayonumuzda böyük tikinti-quruculuq, abadlıq işlərinin aparıldığı qeyd etmişdir. Zərdab şəhərinin ayrı-ayrı məhəllələrində abadlıq işlərinin görülməsi ilə bağlı əhalinin arzu və təklifləri dinlənilmişdir.
Görüşdə çıxış edən şəhər sakinləri onların yaşadıqları məhəllədə bəzi insanlar tərəfindən qeyri-qanuni tikintilərin aparıldığını, torpaqların zəbt edildiyini, əhalinin asudə vaxtının keçirilməsi üçün nəzərdə tutulan yerlərin özbaşına hasarlandığını, xüsusən yaz və yay aylarında məhəllələrdə saxlanılan ev quşlarının və heyvanların tullantılarının havanın və ərazinin çirklənməsinə səbəb olduğunu bildirməklə belə halların qarşısının alınması, eləcə də məhəllə sakinlərinin, xüsusən uşaqların istirahət etmələri üçün lazımi şərait yaradılması məqsədilə təcili tədbirlər görülməsini rayon rəhbərliyindən xahiş etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı sakinləri dinləyərək onların qaldırdığı məsələlərin həlli ilə bağlı qısa müddətdə lazımi tədbirlər görüləcəyi, o cümlədən nümunəvi məhəllə yaradılacağı, yeni yaşıllıqların salınacağı, məhəllədaxili küçələrin asfaltlanacağı, istirahət yerlərinin və uşaqlar üçün oyun meydançalarının tikiləcəyi və digər abadlıq işlərinin görüləcəyi barədə məlumat vermişdir.
Sakinlər onların problemlərinin həllinə göstərilən böyük diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

 

 

Keçidlər