Zərdabda Respublika Günü qeyd edildi
28 May Respublika Günü münasibətilə Zərdab rayonunda silsilə tədbirlər keçirilib. İcra strukturlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri əvvəlcə Ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyublar. Heydər Əliyev Mərkəzində təşkil olunan ümumrayon toplantısında İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev bildirib ki, 98-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti qədim köklərə söykənən tariximizdə müstəsna rola malikdir. 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublikanın həyata vəsiqə alması zəngin dövlətçilik ənənələrinə malik Azərbaycanın milli oyanışında mühüm mərhələdir. Azərbaycan Demokratik Respublikası qısa ömür yaşasa da milli tariximizə qızıl hərflərlə yazılmağa layiq olan önəmli ənənələri miras qoyub. Belə ki, bu dövrdə dövlət atributlarının yaradılması, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi, qadınların səsvermə hüququnun tanınması, 40 minlik nizami ordunun yaradılması kimi mühüm məsələlər reallığa çevrilib. Ölkəmizin beynəlxalq aləmdə tanınması istiqamətində zəruri addımlar atılıb. 23 ay ərzində Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti 140 iclas keçirərək, 316 qanun layihəsini müzakirə edib, bir çox sahələrdə dərin islahatlar aparılıb. Bakı Dövlət Universitetinin yaradılması da ADR-in çoxsaylı xidmətlərindəndir.
Rayon rəhbəri vurğulayıb ki, 20-ci əsrdə ikinci dəfə öz müstəqilliyinə qovuşan Azərbaycan dövləti məhz Ümummilli liderimiz Heydər Əliyevin qətiyyətli siyasəti, xilaskarlıq missiyası sayəsində daha da qüdrətlənib. Bu gün müstəqil Azərbaycan regionun lider dövləti kimi beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir çox beynəlxalq və regional layihələrdə əsas aparıcı qüvvəyə çevrilib. Toplantıda qeyd edilib ki, Zərdab rayonunun sosial-iqtisadi inkişafı, simasının müasirləşdirilməsi Ulu Öndər Heydər Əliyevin quruculuq siyasətinin uğurlu davamının nəticəsidir. Son 8 ildə rayonda çoxsaylı sosial və istehsal təyinatlı obyektlər istifadəyə verilib. Hazırda Zərdabın kənd təsərrüfatı sahəsindəki keçmiş ənənələrinin qaytarılması, inkişaf etdirilməsi istiqamətində zəruri addımlar atılır. Bütün bunlar isə əhalinin maddi-rifah halının yaxşılaşdırılmasına, işsizliyin aradan qaldırılmasına hədəflənib.