Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda məktəb binası istifadəyə verildi

27 may 2016 | 16:00

28 may Respublika gününü Zərdab rayonunun Qaravəlli kənd sakinləri ikiqat sevinc içində qarşılayıblar. Çünki əsaslı şəkildə yenidən qurulan 360 şagird yerlik kənd tam orta məktəbi müəllim və şagirdlərin istifadəsinə verilib. Yenidən qurulmasına ötən ilin dekabr ayından başlanılan tədris müəssisəsinin dam örtüyü, qapı və pəncərələri, sanitar texniki qovşaqları dəyişdirilib. 23 sinif otağında, kimya, fizika, biologiya laboratoriyalarında, kompüter mərkəzində, kitabxana, iclas və idman zallarında nümunəvi şərait yaradılıb. Məktəb istilik sistemi, içməli və çirkab su anbarları ilə təchiz edilib. Eyni zamanda zəruri məktəb avadanlıqları ilə təmin olunub. Təhsil ocağının ətrafları abadlaşdırılıb, yaşıllıqlar salınıb. Əsaslı təmir-bərpa işləri Ərazilərin Bərpası və Yenidən Qurulması Dövlət Agentliyi tərəfindən həyata keçirilib.
Açılış mərasimində Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev bu əlamətdar hadisə münasibətilə Qaravəlli kənd tam orta məktəbinin pedaqoji kollektivini, şagird və valideynlərini tərik edib. Bildirib ki, ölkəmizdə bütün sahələrin inkişafına diqqət yetirən cənab Prezident İlham Əliyev yeni məktəb tikintisinə, mövcud tədris müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsinə də xüsusi önəm verir. Son illər Zərdabda 17 müasir məktəb binasının inşası buna bariz nümunədir. Rayon rəhbəri ümidvar olduğunu bildirib ki, yeni və müasir şəraitdə məktəbin pedaqoji kollektivi məsuliyyətini daha dərindən dərk edəcək və təlim-tərbiyənin, tədrisin keyfiyyətinin daha da yüksəldilməsinə nail olunacaqdır. Açılış mərasimində müəllim və şagirdlər, eləcə də kənd sakinləri çıxış edərək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər.
Təmir-bərpa işlərində fəallıq göstərən bir qrup inşaatçıya hədiyyələr təqdim olunub. Rəmzi açılışı bildirən lent kəsildikdən sonra tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar.

Keçidlər