ZƏRDABDA TİBB İŞÇİLƏRİ GÜNÜ QEYD OLUNDU
17 iyun 2016-cı il tarixdə Zərdabda tibb işçiləri günü münasibətilə yığıncaq keçirilmişdir. Rayonun tibb işçiləri öncə Heydər Əliyev parkını ziyarət edərək Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Sonra yığıncaq Mərkəzi Rayon Xəstəxanasında davam etdirilmişdir.
Zərdab Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ruslan Nemətov tədbiri giriş sözü ilə açaraq bayram təbriklərini söyləmiş, rayonumuzun səhiyyə sahəsində qazandığı uğurlardan söhbət açmışdır. Tədbirdə iştirak edən Zərdab Rayon İcra Hakimiyyəti Başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Əmirəliyeva çıxış edərək Ulu Öndər Heydər Əliyevin ölkəmizdə səhiyyənin inkişafı ilə bağlı tarixi xidmətlərindən danışmış, hazırda bu siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini iştirakçıların diqqətinə çatdırmışdır. Bildirmişdir ki, bu gün Azərbaycanın hər bir şəhər və rayonunda müasir tibb müəssisələri tikilir, onlar dünya standartlarına cavab verən avadanlıqlarla təchiz olunur. Hazırda Zərdab Rayon Mərkəzi Xəstəxanasının da binası Dövlət Proqramı çərçivəsində əsaslı təmir olunur. Natiq əhalinin sağlamlığını hər şeydən üstün tutan respublika prezidentinin tapşırığı ilə bütün ölkə vətəndaşlarının, o cümlədən zərdablıların da pulsuz tibbi müayinədən keçdiklərini vurğulamışdır.
Tədbirdə çıxış edənlər səhiyyə sahəsinin inkişafına göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.
Sonda səhiyyə sahəsində göstərdikləri səmərəli fəaliyyətinə görə bir qrup tibb işçisinə qiymətli hədiyyələr təqdim edilmişdir.