Şriftin ölçüsü :

Saytın rəngi :

Qəbələ IV Beynəlxalq Mürəbbə Festivalında Zərdab (gilas mürəbbəsi) birinci yerə layiq görülüb

27 avqust 2016 | 16:00

Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə keçirilən festivalın iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri düzüblər.

Qəbələ şəhərindəki “Qafqaz Karvansaray” otelinin qarşısındakı parkda keçirilən beynəlxalq tədbirdə Türkiyə, İran, Qana, Gürcüstan, Rusiya, Şimali Kipr, Ukrayna, Özbəkistan, Çin şirniyyatçıları, eləcə də Azərbaycanın 30 şəhər və rayonunu təmsil edən mürəbbə ustaları öz məhsullarını nümayiş etdiriblər. Dünya Kulinariya Təşkilatları Birliyinin və Dünya Xalq Yaradıcılığı Təşkilatının himayəsi altında keçirilən festivalı izləyənlər arasında Mədəniyyət və Turizm Nazirliyinin, Qəbələ Rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbər şəxsləri, bir neçə ölkənin Azərbaycandakı səfirləri, üç mindən çox yerli və xarici turist olub.

Festivalın açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov və festivalın münsiflər heyətinin sədri, Özbəkistan Aşpazlar Assosiasiyasının prezidenti Əkbər Umarov çıxış ediblər.

Festivalda şirniyyat komandaları tərəfindən təqdim olunan müxtəlif çeşiddə mürəbbələr, şirniyyat və meyvə şirələri yerli və xarici turistlərin böyük marağına səbəb olub. Mürəbbə müsabiqəsində 3 nominasiya üzrə qaliblər elan olunub. Azərbaycanın rayonları arasında Zərdabda bişirilən gilas mürəbbəsi birinci yeri tutub.

İştirakçılara kubok, medal və qiymətli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, keçən il keçirilən eyni festivalda Zərdabda bişirilən gavalı mürəbbəsi də dadına görə birinciliyə layiq görülmüşdü.

Keçidlər