Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Beynəlxalq Ahıllar günü”nə həsr olunmuş tədbir keçirilib

29 sentyabr 2016 | 16:00

Sentyabrın 29-da Zərdabda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə 1 oktyabr - Beynəlxalq Ahıllar Gününə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyəti başçısının müavini Pərvin Mahmudova tədbiri açaraq ölkəmizin hər yerində, o cümlədən Zərdab rayonunda ahılların sosial-məişət problemlərinin həllinin diqqət mərkəzində saxlanıldığını bildirib.

P.Mahmudova, eləcə də digər çıxış edənlər əlillərin dövlət hesabına bərpa-müalicə xidməti, reabilitasiya avadanlıqları, sanatoriya-kurort yollayışları ilə təminatı sahəsində də işlərin ilbəil gücləndirildiyini diqqətə çatdırıblar. Bildirilib ki, zərdablı səhiyyə işçiləri ahıl vətəndaşlarımızın sağlamlığının qorunması üçün əllərindən gələni əsirgəmirlər. Hazırda rayonda yaşı 70-dən yuxarı 2237 nəfər əmək pensiyası alır. Bu kateqoriyadan olan soydaşlarımıza, həm də sosial xidmət sektorunun əməkdaşları tərəfindən evlərdə xidmət göstərilir. Belə ki, sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlillərə öz evlərində səyyar sosial xidmətin göstərilməsi təmin edilir və bu sahədə işin təkmilləşdirilməsi, səmərəliliyinin yüksəldilməsi üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsi tərəfindən 10 xidmət işçisi vasitəsilə 30 yaşayış məntəqəsində 79 ahıl vətəndaşa və əlilə evində sosial-məişət xidməti göstərilir.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək ölkəmizdə ahıl insanlara göstərilən hərtərəfli xidmətdən, bu sahədə Prezident İlham Əliyevin diqqət və qayğısından danışıb. S.Qəhrəmanova bu kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlətimizin başçısının imzaladığı sərəncamların əhəmiyyətini xüsusi vurğulayıb.

Çıxış edən ahıllar onlara göstərilən daimi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra komitə əməkdaşları, rayon icra hakimiyyətinin nümayəndələri və gənclər ahıl insanlara baş çəkib, qayğıları ilə maraqlanıblar.

 

Keçidlər