Zərdabın pambıqçılıq ənənələri uğurla dirçəldilir
Rayonumuz tarixən Azərbaycanın pambıq yetişdirilən əsas bölgələrindən olub. Ərazidən axan Kür və digər çayların, kanallar şəbəkəsinin bol suyu, geniş meliorasiya işləri, əkinçilərin zəngin təcrübəsi və əməksevərliyi ötən əsrin son onilliklərində burada ildə
30 min ton pambıq istehsal etməyə imkan verirdi.
Dağıntı və böhranla müşayiət olunan məlum hadisələr burada da pambıqçılıqda qazanılan uğurların itirilməsinə səbəb olmuşdur. Ötən illərdə bu gəlirli sahənin rayonumuzda da tənəzzülə uğraması böyük itkilərə səbəb olmuş, adamların güzəranının istənilən səviyyəyə qalxmasına pis təsir etmişdir.
Prezident İlham Əliyevin ölkəmizin ötən epoxadakı əkinçilik ənənələrinin dirçəldilməsi ilə bağlı çağırışı və lazımi himayədarlığı rayonumuzda da aqrar sahənin qarşısında yeni hüdüdlar açmışdır. Dövlət başçısının pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı bu ilin yanvarında keçirilən iclasda verdiyi tapşırıqların icrası ilə bağlı Zərdab Rayon İcra Hakimiyyətində fermerlərlə keçirilən görüşlər, torpaq sahiblərinin hərtərəfli təşviq edilməsi bu faydalı məşğuliyyət sahəsinə marağı xeyli artırmışdır. Pambıqçılığın inkişafına göstərdiyi böyük diqqətə görə fermer həmkarlarım, bütün rayon əhalisi Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər.
İlk addım olaraq bu mövsümdə rayonumuzda 832 hektarda pambıq əkildi. Pambıq emalı müəssisələri, o cümlədən "ÇTZ-Aqro" MMC (276 hektar), "MKT İK" MMC (452 hektar), "Zərdab-pambıq" ATSC (82 hektar) ilə istehsalçılar arasında pambıq əkini üzrə müqavilələr bağlandı, 22 hektarda isə fərdi qaydada pambıq əkildi. Becərmə işləri ilə bağlı 312 mövsümi iş yeri yaradıldı. Həyata keçirilən düzgün aqrotexniki tədbirlər nəticəsində sahələrdə bol məhsul yetişdirildi.
Artıq pambıq yığımına başlamışıq. Rayon üzrə bu günədək 170 tona qədər pambıq yığılıb və 150 tondan çox məhsul qəbul məntəqələrinə təhvil verilib. Zərdablılar tarlalardan 1200 ton pambıq yığılmasını qarşıya məqsəd qoyublar. Sahələrin bol məhsulu bu hədəfin gerçək olduğundan xəbər verir. Növbəti ildə isə 3000 hektarda pambıq əkilməsi və 6000 ton məhsul tədarük edilməsi nəzərdə tutulur. Əlavə pambıq əkinləri üçün artıq 300 hektarda payızlıq şum qaldırılıb.
Mən də bir fermer kimi ölkə başçısının pambıqçılığın dirçəldilməsinə göstərdiyi qayğıdan ruhlanaraq bu il 100 hektar sahəmin 50 hektarında pambıq əkmişəm. Təsərrüfat işləri başlayandan 40 nəfər müvəqqəti iş yeri ilə təmin edilib. Becərmə işləri aqrotexniki müddətlərdə aparılıb, bol məhsul hasilə gəlib. Mən bir fermer kimi əl ilə pambıq yığımına üstünlük verirəm. Çünki maşınla yığım sürətli olsa da, xeyli itkiyə yol verilir. Pambıq yığımına yenicə başlamışıq. Bugünədək 20 ton pambıq yığmışıq. Mövsümün sonunadək 100 ton pambıq toplayaçağımızı düşünürük. Pambıqçılardan Fəridə Şəmmədova, Roza Hüseynova, Nüfuzə Xəlilova, Gülşən Səfərova gün ərzində 100 kiloqramdan çox pambıq yığırlar.
Sentyabrın 17-də pambıqçılığın inkişafı məsələləri ilə bağlı Sabirabad rayonunda keçirilən müşavirədəki nitqində Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən və pambıq məhsulunun hər kiloqramına 0,1 manat subsidiya verilməsi barədə sərəncamından ruhlanaraq 2017-ci ildə 100 hektar sahədə pambıq əkməyi qərara almışam. Çalışacağam ki, rayonumuzda pambıqçılığın inkişafına rəhbərlik etdiyim fermer təsərrüfatı da öz layiqli töhfəsini versin. İnanırıq ki, Prezidentin təsis edəcəyi "Əmək" ordeninə ilk layiq görüləsi adamların sırasında pambıqçılıqda yüksək nəticələr əldə edən zərdablılar da olacaqlar.
Mirnamiq Aslanov,
pambıqçı-fermer
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.