Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜ QEYD EDİLİB

05 oktyabr 2016 | 16:00

5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə Zərdab rayonunda tədbir keçirilmişdir.
Bayram tədbirində Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev təhsil işçilərini bu əlamətdar gün münasibətilə təbrik etmiş, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından söhbət açmışdır. Bildirmişdir ki, son illərdə rayonda 3012 şagird yerlik 17 yeni məktəb, o cümlədən Heydər Əliyev fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 280 şagird yerlik 2 məktəb, Qoruqbağı kəndində 1 uşaq bağçası tikilib istifadəyə verilmiş, 3 tam orta məktəb, 4 uşaq bağçasının binası əsaslı təmir edilmiş, 5 məktəbdə yeni istilik sistemi qurulmuşdur. Şəhər 1, 2, 3 saylı, Dəkkəoba və Böyük Dəkkə kənd körpələr evi-uşaq bağçalarının yerləşdiyi binalar əsaslı təmir edilmiş, 2016-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasının, əsaslı təmir işlərindən sonra isə Qaravəlli kənd tam orta məktəbinin açılış mərasimi təşkil olunmuşdur. Son illərdə Respublika Prezidentinin Sərəncamı ilə  rayonun təhsil işçilərindən 8 nəfəri “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, 5 nəfər təhsil işçisi “Tərəqqi” medalı ilə təltif edilmiş, 3 məktəb “İlin ən yaxşı ümumtəhsil məktəbi”, 1 müəllim isə “İlin ən yaxşı müəllimi” müsabiqəsində qalib gələrək mükafatlandırılmışlar.
İcra başçısı ölkə Prezidentinin sərəncamı ilə Gəlmə kənd tam orta məktəbinin direktoru Gülağa İsgəndərovun “Əməkdar müəllim” fəxri adına layiq görülməsini rayonun təhsil işçilərinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirmişdir.
Tədbirdə çıxış edən müəllimlər respublikamızda təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.
Daha sonra bir qrup müəllimlərə fəxri fərman və xatirə hədiyyələri təqdim olunmuşdur.
Tədbir konsert proqramı ilə davam etdirilmişdir.

Keçidlər