Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA 2016-CI İLİN 9 AYININ YEKUNLARI VƏ QARŞIDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ EDİLDİ

17 oktyabr 2016 | 16:00

Zərdab, 17 oktyabr, AZƏRTAC

Zərdab rayonunda kənd təsərrüfatı iqtisadiyyatın aparıcı sahəsini təşkil edir. Təsadüfi deyildir ki, bu ilin doqquz ayında rayonda 71 milyon 840,5 min manatlıq məhsul istehsal edilib. Bunun da 41 milyon 319,4 min manatı və ya 57,5 faizi aqrar sektorun payına düşür. Doqquz ayda rayonda 17007 hektar sahədən 52101 ton taxıl istehsal olunub ki, bu da ötən ildəkindən 2251 ton çoxdur. Hər hektardan məhsuldarlıq 30,6 sentnerə çatıb. Kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıq məhsulları istehsalı da bütün göstəricilər üzrə artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə rayonda cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında məlumat verilib.

Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq cari ildən bölgədə ənənəvi sahələr hesab olunan, ölkəyə valyuta gətirən pambıqçılığın və baramaçılığın inkişafı istiqamətində də xeyli iş görüldüyünü bildirib. Qeyd edib ki, bu mövsümdə 150 qutu baramaqurdu toxumu bəslənilib, 5710 kiloqram barama istehsal olunaraq, “Şəki-İpək” ASC-yə təhvil verilib. Hazırda baramaçılığın inkişafı məqsədilə tut bağlarının salınması istiqamətində tədbirlər görülür.

Pambıqçılıq da artıq yeni inkişaf mərhələsinə qədəm qoyulub. Bu il rayonda 832 hektarda bol məhsul yetişdirilib. İndiyədək sahələrdən 400 tondan çox pambıq istehsal olunub və hazırda yığım davam edir.

Məruzə və çıxışlarda doqquz ayda rayonda bir sıra tikinti-quruculuq işlərinin həyata keçirildiyi də diqqətə çatdırılıb.

Hesabat yığıncağında əhalinin elektrik enerjisi, təbii qazla normal təminatı, su təchizatı ilə bağlı mühüm işlərin görüldüyü vurğulanıb. Bildirilib ki, doqquz ayda 5 kənd tam qazlaşdırılıb. 8 kəndə qaz xətti çəkilişi başa çatdırılıb və son tamamlama işi aparılır. 

Yığıncaqda qarşıda duran həllivacib məsələlər də ətraflı müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Keçidlər