Zərdabda Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə əlaqədar maarifləndirmə tədbiri keçirilib
27 oktyabr 2016-cı il tarixdə Zərdabda Rayon İcra Hakimiyyətinin və Əmlak Məsələləri Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə əlaqədar maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev bu işlərin Azərbaycan Respublikası Prezidentinin torpaqların elektron uçotunun aparılması ilə bağlı tapşırıqlarına və 07 mart 2016-cı il tarixli Fərmanına əsasən həyata keçirildiyini bildirmişdir. Qeyd etmişdir ki, tədbirin keçirilməsində əsas məqsəd bu sistemin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi istiqamətində həyata keçirilən tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaqdır.
Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin yer quruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin müdiri Əliqulu Cabbarov “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Respublika Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının 5-ci bəndinin icrası ilə bağlı “Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin hazırlanması qaydaları”nın izahı barədə çıxış etmişdir.
Sonra maarifləndirici videoçarx nümayiş etdirilmişdir.
Tədbirin sonunda məsələ ilə əlaqədar suallar cavablandırılmış və qarşılıqlı müzakirələr aparılmışdır.