Zərdabda 16 noyabr-Beynəlxalq Tolerantlıq Gününə həsr olunan yığıncaq keçirilib
Zərdabdakı Heydər Əliyev Mərkəzində 16 noyabr-Beynəlxalq Tolerantlıq Gününə həsr olunan yığıncaq keçirilib.
AZƏRTAC xəbər verir ki, ictimaiyyətin çoxsaylı nümayəndələrinin iştirak etdiyi yığıncaqda rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, dini qurumlarla işin təşkilatçısı Murad Həsənov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Rəşad İlyasov və başqaları çıxış edərək tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri olduğunu vurğulayıblar.
Qeyd olunub ki, bu gün dünyada dinlərarası, millətlərarası münaqişələrin kəskinləşdiyi bir vaxtda ölkəmiz bu sahədə tamamilə fərqli mövqedədir. Dinlərarası, icmalararası münasibətlər yüksək səviyyədədir. Tolerant münasibətə əsaslanan dinc yanaşı yaşama prinsipi əslində demokratik dövlət strategiyasıdır.
Çıxışlarda vurğulanıb ki, Azərbaycan vətəndaşı üçün tolerantlıq bu gün mənəvi tələbata çevrilib. Ölkəmizdə tolerantlıq həm də dövlət siyasəti kimi həyata keçirilir. Azərbaycanda tarixən tolerant cəmiyyətin bərqərar olması burada məskunlaşan azsaylı xalqlara və etnik qruplara öz varlığını qoruyub saxlamağa əlverişli mühit yaradıb.